Mira antik şəhəri, teatrı, qayalara oyulmuş türbələri və heyranedici Andriake taxıl anbarı

Sizə Türkiyənin Antaliya rayonunun Dəmrə qəsəbəsində yerləşən antik Mira şəhəri, teatrı, qayalara oyulmuş türbələri və heyranedici Andriake taxıl anbarından danışırıq, mətni Neslihan Değirmencioğlu hazırlayıb

1807738
Mira antik şəhəri, teatrı, qayalara oyulmuş türbələri və heyranedici Andriake taxıl anbarı

 

  Qədim dövrlərdən insanlar məskunlaşmaq üçün su kənarına üstünlük veriblər, dəniz, çay, göl, bulaqlar və s. Çünki susuz həyat yoxdur. Amma bəzən də bir yaşayış məntəqəsinin, mədəniyyətin və sivilizasiyanın sonunu elə su gətirir. Su ehtiyatlarını ələ keçirmək üçün müharibə aparanlara bəzən elə suların özü qənim kəsilir.

  Daşqınlar əkinlərə, heyvanlara, insanlara ziyan vurur. Fəlakətlər həmin yerlərdən uzaqlaşmağa və tərk edilməyə səbəb olur. Sel bütöv bir tarixi qumların altında qoya bilir, Miros (Myros), yəni bu gün Türkiyənin Antaliya rayonunda yerləşən Dəmrə çayının yaxınlığında salınmış qədim Mira şəhəri kimi.

  Dövrünün sevimli şəhərlərindən biri olan Mira “Anadolunun Pompeyi” kimi tanınır. Bu bənzətmə vulkan püskürməsi ilə bağlı deyil, bir vaxtlar həyat verən çayın şəhəri torpaqla örtüb bütün sivilizasiyanı həbs etdiyi yaranıb.

  Likiya Liqası tarixdə ilk demokratik birlikdir. Mira bu birliyin paytaxtı kimi xidmət göstərən mühüm metropol şəhərlərdən biri olub. Ona görə də Miraya "ən parlaq şəhər" deyiblər. Adının etimologiyasının bölgədə geniş yayılan mərsin bitkisinin yağı olan "mirra"dan gəldiyi düşünülür.

  Əsrlərin sükutunda torpağa tapşırılan Mirada antik mənbələrdə “Likiyanın ən gözəl məbədi” adlandırılan Artemida məbədi və baş tanrı Apollon kahin məbədi var.

  Antik şəhərin 11 min nəfərlik Mira teatrı öz dövrünün ən böyük və möhtəşəm abidəsidir. İki mərtəbəli bina səhnə və oturacaq yerləri ilə Likiya bölgəsinin ən yaxşı qorunmuş teatrlarından biridir. Memarlığı ilə yanaşı qartal, rəvayətlərdə “baxdığı insanı daşa çevirən” Meduza, əfsanəvi dəniz canlıları sirenlərin işləndiyi relyefləri ilə də diqqət çəkir. Mira antik teatrı allüvial altında qalan şəhərin nə qədər möhtəşəm olduğunun bir isbatıdır.   

  Mira antik teatrına baxan qayalar var ki, onlardakı maraqlı binalar qrupu ilə qarşılaşırsan. Qədim Miradan bu günə qədər gəlib-çatmış bu heyrətamiz abidələr əslində nekropol, yəni məzarlıqdır. Uzaqdan baxıldığında ev və ya kiçik məbəd kimi görünən bu türbələr Likiya bölgəsinin ən möhtəşəm və diqqət çəkən qaya məzarlarıdır. Qayaya oyulmuş və yuxarı hissələri damı xatırladan türbələr dövrün taxta ev konstruksiyalarının əksidir. Qəbrin forması və istifadə olunan materiallar mərhumun vəziyyətini göstərir. Onların bəzilərində məzarda yatan insanın həyatından səhnələri əks etdirən relyeflər də var.

  Likiya bölgəsində ev tipli məzarların olması təsadüfi deyil, çünki antik dövrün insanları ölümü bir son deyil, yerdəyişmə kimi düşünürdülər: ölümdən sonra da həyatlarını bu məzar-evlərində davam etdirəcəklərinə inanırdılar. Bu səbəbdən mərhumun o biri dünyada özünü rahat hiss etməsi üçün pal-paltar və gündəlik həyatda istifadə olunan qab-qacaq kimi çoxlu əşyalarını qəbrə qoyardılar. Bunlar mərhumun cinsinə və gördüyü işə görə fərqlənirdi.

  Antik dövr yazıçılarının əsərlərində qaya qəbirləri haqqında məlumatlar verilərək ilin müəyyən günlərində məzarlara yemək-içmək aparıldığı, gül-çiçək və meyvə qoyulduğu yazılıb. Ölüləri pis ruhlardan qorumaq üçün qəbirlər rənglənirdi də.

  Mira şəhərinin çox hissəsi - minlərlə kubmetri torpağın altındadır. Lakin ölüm simvolu olan türbələr insanın sanki həyatda olduğunu göstərir kimi canlı təsir bağışlayır. Maraqlı memarlığı və dəfn ənənələri ilə qaya qəbirlər bu gün ziyarətçiləri özünə cəlb edir.

  Miranın antik dövrdə beynəlxalq ticarət mərkəzi Andriake idi. Burada şəhər iqtisadiyyatına mühüm qatqı təmin edən bir iş aparılıb: bənövşəyi rəng istehsal edilib. Bunun üçün tikanlı-dərili balıq növü olan mureks döyülüb dəmirlə əzilərək emal olunurdu. 1 qram bənövşəyi boya minlərlə murekə başa gəlirdi. Bu rəngi əldə etmək çox zəhmət tələb etdiyi üçün bahalı və dəyərli idi. Ona görə bənövşəyi imperator və yuxarı təbəqələr tərəfindən istifadə edilən əlçatmaz rəng sayılırdı.

  İstehsaldan sonra qalan balıq dəriləri də qiymətləndirilirdi, ondan məhlul hazırlanırdı. "Mureks məhlulu" adlanan bu məhlul yalnız Andriakeyə məxsus idi. Anadoluda bu məhlulun ilk dəfə istifadə olunduğu yer Andriakenin mühüm yerlərindən biri olan “granarium”, yəni taxıl anbarı idi. İki min ilə yaxınlaşan yaşı ilə bu günə qədər gəlib-çatan bu tikili hal-hazırda Antaliyada Likiya Sivilizasiyaları Muzeyi kimi istifadə edilir. Muzeydə Likiya Liqasının əhəmiyyətli şəhərlərinə aid dəyərli tapıntılar bu mədəniyyət haqqında qiymətli məlumatlar əldə etməyə imkan verir.

  Tarixi və təbiəti ilə diqqət çəksə də, Mira öz şöhrətinə görə bir az da Müqəddəs Nikolaya borcludur. Çünki bu qədim şəhər xristianlığın ən sevimli müqəddəsi Nikolasın, yəni hamının Şaxta Baba kimi tanıdığı Santa Klausun vəfat etdiyi yerdir. Uşaqların və dənizçilərin qoruyucusu kimi tanınan Müqəddəs Nikolay Mira şəhərinin yepiskopu olub. Ölümündən sonra övliya adlandırılıb. Dəmrədə dəfn edildiyi kilsə sonradan Müqəddəs Nikolay kilsəsi kimi tanınıb.

  Divarlarında xristian rəsmləri və Müqəddəs Nikolayın möcüzələri əks olunan kilsə orta əsrlərdə ziyarət mərkəzi kimi istifadə olunub. Dəniz yolu ilə Yerusəlimə gedən möminlər Mirada dayanıb və Müqəddəs Nikolay kilsəsini ziyarət edərək zəvvar olublar. Müqəddəs Nikolay adında 2 mindən çox kilsə olsa da, ən mühümü Mirada, yəni Türkiyənin Antaliya şəhərinin indiki Dəmrə qəsəbəsindəkidir.

  Anadoluda torpağın altında uyuyan və əsrlərin şahidliyini ortaya qoyacaq vaxtı səssizcə gözləyən çox yerlər var. Antik Mira, indiki Dəmrə də min illərdir yuxudadır. Bu şəhərin girişində səmaya doğru yüksələn qayalara oyulmuş türbələr, Mira antik teatrı və heyranedici Andriake taxıl anbarından başqa yeni abidələr yeni arxeoloji qazıntılarla yenidən həyata qaytarılacağı günü gözləyir.



Әlaqәli Xәbәrlәr