Patara və mayakı

Türkiyənin Antaliya rayonunun Kaş qəsəbəsində yerləşən, dünyada tamamilə öz orijinal materialları ilə bərpa olunan ilk və yeganə Patara mayakından danışırıq, mətni Neslihan Değirmencioğlu hazırlayıb

1802395
Patara və mayakı

 

  Anadolu torpaqlarında min illərin melodiyası dolaşır, hər addımda bir qapı açılır, insanlar keçmişin dərinliklərinə gedir. Tarix ayrı-ayrı hekayələr danışır burada. Hər biri də bir layla kimi dolanır onu dinləyən üçün. Bəlkə məlum hadisədir eşitdiyimiz, bəlkə bir əfsanəyə can verəndir, bəlkə də min illər əvvəllərdən bizə gəlib çatandır. Obeliskləri, gil lövhələri və ya tanrı heykəlləri ilə bizi sanki zamanın tunelinə aparır Anadolu. Eynilə bir mayakın işıq saldığı kimi.

  Mayakları “dalğaların çobanı” və ya “qayalar şahzadəsi” adlandırırdı şairlər.

  İlk mayaklar sahili tapmağa, evlərinə qayıtmağa çalışan balıqçılar üçün od yandırmaq ideyası əsasında qurulub. Onların məqsədi dənizdə olanlara limanın və şəhərin harada olduğunu göstərmək və istiqamətləndirmək idi. 

  Antik dövrdə gəmiqayırmada irəliləyiş əldə edilir, dənizçilərin sayı artmağa başlayır və mayakların qurulması zərurəti doğur. İndi onlar həm də dənizdəkiləri qayalıqlara və axınlara qarşı xəbərdar edən, fırtınalara sığınmaq üçün təhlükəsiz limanlar göstərən xilasedici tikililərə çevrilir. Mayaklar dənizçini dumanda itməkdən və ölümdən xilas edir, dalğalara sanki meydan oxuyur.

  Təxminən iki min ildir dayanır Patara mayakı. Roma imperatoru Neron tərəfindən tikilib. Neronun Romanı yandırdığına dair heç bir dəlil yoxdur, lakin mayakın üzərindəki qızılı yazı onu Neronun ucaltdığına danılmaz sübutdur.

  Türkiyənin Antaliya rayonunun Kaş qəsəbəsində yerləşən Patara  dünyanın ilk mayakı olmasa da, tamamilə öz orijinal materialları ilə bərpa olunan ilk və yeganə mayakdır. Ümumi hündürlüyü 30 metrdən yüksəkdir. Onun ölçüsünü təsəvvür etmək üçün yeddi mərtəbəli yaşayış binasını göz önünə gətirə bilərsiniz.

  Patara mayakı mükəmməl mühəndislik bilikləri ilə bir-birinə qarışmış iki silindr və onlar arasında statik tarazlığı təmin edən nərdivanla tikilib. Bu, ona uzun illər zəlzələlərə və digər hava şərtlərinə müqavimət göstərməyə imkan verib. Təkcə 8,1 bal gücündə Rodos zəlzələsi və ondan sonrakı sunami dalğalarına tab gətirə bilməyib bu mayak.

  Mayakından danışdıq, amma Pataranı Anadolunun, hətta dünyanın ilkləri sırasına qoyan başqa bir xüsusiyyəti də var. İki min illik qədim şəhərdə dünyanın ilk demokratik parlament binası olub. Böyük mütəfəkkir Monteskye (Montesquieu) onu “antik dövrün ən mükəmməl parlament binası” adlandırıb. Antik teatr, Roma zəfər tağı, bazilika, Təpəcik qəbiristanlığı və 20 kilometr uzaqlıqdan şəhərə gələn su yolu, kilsələr və hamamları ilə Patara həm qədim arxeologiya, həm də orta əsr araşdırmalarına işıq salır.  

  Patara Ellinizm dövründə mühüm şəhər, Roma hakimiyyəti zamanı Likiya Birliyinin paytaxtı olub. Şərqi Aralıq dənizinin üç qədim taxıl anbarından biri idi. Anadoludan Romaya gedən taxıllar bu liman şəhərində saxlanılırdı.

  Mifologiyada da xüsusi yeri var Pataranın. Çünki işıq və sənət tanrısı Apollonun Patarada doğulduğuna inanılır. Apollon Anadolu tanrısıdır, bu torpaqlarda onun üçün çoxlu məbədlər və qurbangahlar tikilib.

  Patara dinlər tarixində də mühüm rol oynayıb. Əfsanələrdə Şaxta baba (Santa Claus) kimi tanınan müqəddəs Nikolas pataralıdır.

  Xristianlığı yaymaq üçün Anadolunu gəzən Sankt Paul Romaya getmək üçün Pataradan gəmiyə minib.

  Xristianlıq üçün böyük əhəmiyyət kəsb edən İznik Şurasında Likiya Liqası Patara yepiskopunun imzası ilə təmsil olunub.

  Antik dövrün ulduzu Likiyanın paytaxtı olmuş Pataranı təsvir etməklə bitməz. Bu sivilizasiyanın izlərini Türkiyənin ilk, dünyanın ən yaxşı uzun məsafəli piyada yolu olan Likiya yolunda da görmək mümkündür. 550 kilometrlik bu yol müxtəlif maraqlara uyğun fərqli marşrutlardan ibarətdir. Likiya yolu üzərində Türkiyə sahillərindəki ən hündür mayak olan Gelidoniya fənəri də var.

  Mayaklar qədim zamanlardan salındıqları şəhərlərin hərbi və sosial-iqtisadi gücünü təmsil edən elementlərlərdən olub. Əsrlər boyu funksiyanallığı, memarlığı və çağırışları ilə diqqət mərkəzində qərar tutub. Açıqcalardan, maketlərdən, markalardan tutmuş rəsmlərə, filmlərə, şeirlərə və romanlara qədər geniş çeşiddə öz yerini tapıb mayaklar. Bəzən qorxu, bəzən də tənhalığın simvolu olaraq görünsə də, tək qalmağın dik durmanıza mane olmadığının da görüntüsüdür mayak. Ona görə mayaklar təkcə dənizdə olanlara deyil, həm də tək olduqlarını düşünənlərə yol göstərən qürurlu və həm də möhkəm tikililərdir. Bu gün dəniz nəqliyyatında qabaqcıl texnologiya istifadə olunsa da, nasazlıqlar zamanı hələ də lazım olan vacib və əvəzedilməzdir mayak.

 



Әlaqәli Xәbәrlәr