20 Yanvar hadisələri Azərbaycan xalqının dövlətçilik tarixində qəhrəmanlıq salnaməsidir

AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru Sabir Şahtaxtının "İyirmi Yanvar hadisələri Azərbaycan xalqının dövlətçilik tarixində qəhrəmanlıq salnaməsidir" başlıqlı yazısı

1765756
20 Yanvar hadisələri Azərbaycan xalqının dövlətçilik tarixində qəhrəmanlıq salnaməsidir
20 Ocak olayları-2

Təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti 20 Yanvar hərbi cinayətinin təməlini təşkil edir

Şəhidlərimizin əziz xatirəsinə ithaf edirəm!

Azərbaycan xalqının dövlətçilik tarixində 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə paytaxt Bakıda və ölkənin digər bölgələrində Sovet qoşunlarının törətdikləri qanlı hərbi cinayət özünəməxsusluğu ilə seçilir. Qeyd olunan seçimi yaradan səbəb belə bir ağır və qanlı cinayətin müasir dövrdə baş verməsidir. Digər bir məsələ isə məhz sovet qoşunlarının sovet insanlara (sovet Azərbaycanına) qarşı vəhşi bir cinayət törətməsi ilə xarakterizə olunur. Bu hadisənin ssenarisinin hazırlanması, cinayətin törədilməsi və ona haqq qazandırılması cəhdləri heç bir siyasi məntiqə sığmayan, siyasi əxlaqa və siyasi mənəviyyata uyğun olmayan riyakarlıq idi. Ən dəhşətlisi o idi ki, Bakıya daxil olan ordu birləşmələrinin tərkibindəki partizanlar – məqsədyönlü səfərbərliklə toplanmış əsgər briqadaları xüsusi ağırlıq mərkəzi ilə istehsal olunmuş güllələrdən istifadə etməklə əhaliyə qarşı amansızlıq nümayiş etdirmişdir. Bakının işğalında iştirak edən hərbi briqadaların əsas tərkibi Rusiyanın Krosnadar vilayətindən səfərbərliyə alınan erməni əsilli partizanlardan ibarət olmuşdur. Rəsmi Kremli isə Bakıya qoşun yeridilməsini müxtəlif məsələlərlə əsaslandırmağa və xüsusi qəddarlıqla törədilmiş qanlı hadisəyə haqq qazandırmağa çalışırdı. Çoxsaylı şahidlərin müsahibə və ifadələri, təkzibolunmaz faktlar, minlərlə fotoşəkillər, dəhşət saçan videomateriallar, jurnalist yazıları və sair sübutlar isə saxta kommunist ideologiyasını və sovet ordusunun əməllərini ifşa etmişdir. İyirmi Yanvar faciəsinin törədilməsinin siyasi tərəflərinin təhlilinə keçməzdən əvvəl bu qanlı cinayətin xüsusi ssenari əsasında həyata keçirilməsinə dair bəzi məqamlara diqqət edək. Yanvarın 15-dən (1990) başlayaraq əhali arasında əsas müzakirə mövzusu Bakıya qoşun yeridilib yeridilməyəcəyi ilə bağlı söhbətlər idi. Sözsüz ki, hər kəs öz mülahizələri ilə danışırdı. Tiblis və Vilnusdakı qanlı cinayətlərdən sonra Sovet ordusunun növbəti dəfə sovet adamlarına qarşı cinayət törədəcəyinə inanmaq istəməyənlər də var idi. Lakin Bakıya qoşun yeridilidi və qan töküldü. Bakının işğalı üçün yazılmış ssenarinin baş tutması üçün zəruri tədbirlər həyata keçirilmişdir. Bunlar aşağıdakılardır:

–Bakıda ictimai asayişin qorunması istiqamətində zəruri tədbirlər görülməmişdir;

–teleradio şirkətinin enerji bloku partladılmış və əhali informasiya blokadasına alınmışdır;

–fövqəladə vəziyyətlə bağlı əhali əvvəlcədən məlumatlandırılmamışdır;

–yerli milis (polis) orqanlarının şəxsi heyəti tam şəkildə təksilah edilmiş və ictimai asayişin mühafizəsi prosesindən uzaqlaşdırılmışdir;

–xəstəxana və təcili tibbi yardım xidmətlərinə süni problemlər yaradılmışdır;

–təcili tibbi yardım maşınlarına atəş açılmışdır;

–bir sıra xəstəxanaların elektrik enerjisi kəsilmişdir.

Beləliklə, Keçmiş SSRİ-nin sonuncu rəhbəri olan M.Qorbaçov və  Kremlin digər sovet canişinləri, Bakıya və Azərbaycanın digər bölgələrinə qoşun yeritməklə müəyyən məkrli məqsədlər güdürdülər. Onlardan bir qismi aşağıdakılardır:

– Azərbaycanda fövqəladə vəziyyət elan etmək;

– xalqım mübarizə əzmini qırıb onu sarsıtmaq;

– ölkəni qanunsuz hərbi rejim altında  saxlamaqla Azərbaycan əhalisinin erməni təcavüzündən özünümüdafiə tədbirləri həyat keçirməsinə mane olmaq:

– fövqəladə vəziyyət şəraitində  Ali Sovetə (parlamentə) seçkilər keçirməklə xəyanətkar oyuncaq parlament formalaşdırmaq;

– siyasi prosesləri siyasi qüvvələrin silahlanmasına yönəltməklə ölkədə anarxiya və xaosa rəvac vermək;

–Ermənistanın təcavüzkar siyasəti ilə üz-üzə qalan Azərbaycan əhalisini müdafiəsiz buraxmaq.

Əlbəttə ki, 20 Yanvar hadisəsi hər şeydən öncə bütöv bir xalqa, günahsız və dinc insanlara qarşı törədilmiş hərbi cinayətdir. Lakin bununla belə, bu hadisə Azərbaycan xalqının milli-azadlıq mübarizəsi salnaməsinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq səhifəsidir. Birmənalı olaraq qeyd etmək lazımdır ki, SSRİ-nin süqutu ərəfəsində ermənilər Azərbaycana qarşı növbəti ərazi iddiaları ilə çıxış etməsəydilər, sovet rəhbərliyi keçmiş Dağlıq Qarabağ məsələsində ədalətsiz mövqe nümayiş etdirib erməniləri əsasız olaraq dəstəkləməsəydi, onda 20 Yanvar faciəsi baş verməyəcəkdi. Deməli, 20 Yanvar faciəsi xalqın köləliyə, ədalətsizliyə etiraz aksiyasının nəticəsi idi.  20 Yanvar faciəsinin Ermənistanın Azərbaycan qarşı işğalçılıq siyasəti nəticəsində yaranmış məlum münaqişə ilə əlaqəsinə gəldikdə isə bu müqayisədə bir sıra tutarlı tarixi faktlar göstərmək mümkündür. Onlardan biri də 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Ermənistan tərəfinin bütün sərhəd boyu Azərbaycan qarşı hücuma keçməsidir. Ermənilərin strateji işğalçılıq niyyətlərindən biri isə Naxçıvan Muxtar Respublikasını zəbt etmək idi. "19 yanvar 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Sədərək qəsəbəsi Ermənistanın Ararat rayonunun Yerarxs kəndi istiqamətindən toplardan atəşə tutulmuş, sonradan isə qəsəbəyə silahlı basqın edilmişdir. Nəticədə qəsəbədəki şərab zavodu, içərisi şərabla dolu 2 çən partladılmış, obyektlər yandırılmış, 5 yaşayış evi dağıdılmış, 6 nəfər azərbaycanlı qətlə yetirilmiş, 23 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdır". Əslində 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet qoşunları əliyalın Azərbaycan xalqına təcavüz etdiyi bir vaxtda ermənilər bütün istiqamətlərdən hücuma keçməsində təəccüblü bir şey yoxdur. Çünki təcavüzkar qonşularımız zaman-zaman öz məkrli niyyətlərini siyasi şəraitə uyğun olaraq gerçəkləşdirməyə çalışmış, əksər hallarda bəd niyyətlərinə nail olmuş və bu böyük özünəməxsus təcrübəni davam etdirməkdədirlər.

20 Yanvar faciəsi zaman baxımından bizdən uzaqlaşdıqca hadisənin səbəb və məqsədləri barədə yeni-yeni mühüm məqamlar üzə çıxır. Xüsusilə qeyd etmək lazımdır ki, SSRİ rəhbərliyinin Bakıya əsassız hüquqi zəmin olmadan qoşun yeritməsi dünya birliyi tərəfindən də sükutla qarşılanmışdır. Baxmayaraq ki, Bakıdan əvvəl sovet qoşunlarının Vilnusda və Tbilisidə qan tökməsi ABŞ və Qərb dövlətləri tərəfindən etirazla qarşılanmışdır. Sonda göstərilən müqayisə də dünyadakı ikili standartlara bir nümunə ola bilər.

Ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş verən faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verdi. Ulu Öndər, böyük cəsarətlə 20 Yanvar faciəsini törədən M.Qorbaçovu və onun Azərbaycandakı əlaltılarını kəskin ittiham etdi. Bakıya ağır hərbi texnika və peşəkar ordu yeridilməsini, insanlara divan tutulmasını, günahsız qanlar axıdılmasını bütün dünyaya bəyan etdi. Az sonra isə Azərbaycan qayıdan Heydər Əliyev imperiya ilə daha barışmaz mübarizəyə başladı.

20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verilməsinə qarşı olan qüvvələrin bu istiqamətdəki canfəşanlığına baxmayaraq tarix hər şeyi öz axarına saldı. Doğrudur 20 Yanvar faciəsi Azərbaycan xalqının say-seçmə övladlarının qətlinə səbəb oldu. Eyni zamanda bu qanlı hadisə bütün bir xalqın qəhrəmanlıq dastanına çevrildi. Bir gecənin hərbi cinayəti uzun illər sülhsevərlikdən danışan saxta kommunizm ideyalarını heçə endirdi. Sovet imperiyasının süqutu prosesi sürətləndi. Qazanılan isə Azərbaycan xalqının  azadlığı, müstəqil dövləti və milyonların əbədi ziyarətgahına, and yerinə  çevrilmiş Şəhidlər Xiyabanı oldu. Artıq iki ildir ki, Azərbaycan xalqı 20 Yanvar hadisəsinin ildönümünü qələbə sevinci ilə qeyd edir. Bu o sevincdir ki, 20 Yanvar şəhidləri və qaziləri məhz onun üçün canlarını, qanlarını vətən yolunda fəda etmişlər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək ilk növbədə 20 Yanvar şəhidlərinin ruhlarını şad etdilər. Məntiqi mühakimə və faktlara söykənərək tərəddüd etmədən deyə bilərik ki, 20 Yanvar şəhidləri hansı cəsarətlə Vətənimizin müdafiəsinə qalxmışdılarsa İkini Qarabağ müharibəsinin şəhid və qaziləri başda olmaqla bütün döyüşçülərimiz də eyni ruh yüksəkliyi ilə torpaqlarımızı işğaldan azad etdilər. Bəli, Vətən müharibəsinin şəhidləri canları və qanları bahasına 20 Yanvar şəhidlərinin yüyürdüyü azadlıq yolunu əzmlə qət edərək Vətənimizi bütövləşdirdilər. Hər biri şəhadət zirvəsinə yüksəlməyi özünə amal seçən Azərbaycan Ordusunun getdiyi yolda yalnız bir nəticə ola bilərdi: Böyük Zəfər. Şükürlər olsun ki, bu böyük zəfəri Qəhrəman Ordumuz bizlərə nəsib etdi.

AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru Sabir Şahtaxtı



Әlaqәli Xәbәrlәr