Demreli Şaxta baba

Milad və Yeni il şənliklərinin ən məşhur simvollarından biri olan "Şaxta baba" fiquru

1753054
Demreli Şaxta baba

Hədiyyə verməyi sevirsinizmi? Yaxşı, bəs almağı? Hədiyyə verəndə qarşılığında nəsə gözləyirsiniz?... İndiki insanların hədiyyə vermək və ya almaq üçün o qədər özəl günləri var ki! Ad günləri, sevgililər günü, analar günü, atalar günü, milad bayramı... Bu günlərin bilərəkdən emosional mənalarla yüklənmiş günlər olduğunu düşünənlərin sayı heç də az deyil. Bu məsələ həm iqtisadçıların, həm sosioloqların, həm də psixoloqların diqqət mərkəzindədir. Siz də bəzi insanların fərdləri istehlakı təşviq etməyə istiqamətləndirdiyini fikirləşirsinizmi? Bəzi ekspertlər deyirlər ki, insanlar yaşadıqca istehlakçıdırlar və səhv etmirlər! Onlar deyirlər ki, ənənəvi cəmiyyətlərdə “ehtiyac olduğu qədər istehlak etmək” anlayışı müasir cəmiyyətlərdə “istək” anlayışına çevrilib. Hədiyyə vermək və almaq fərdi bir hərəkət kimi görünsə də, sosial hadisə kimi qəbul edilir. Mədəniyyət və adət-ənənələr də bu vasitə ilə gələcək nəsillərə ötürülür. Bunun ən bariz nümunələrindən birini Milad və Yeni il şənliklərində görmək olar. Xristianlar İsanın doğum gününü dekabrın 25-də qeyd edirlər; Əksər müsəlman ölkələrində dekabrın 31-nə keçən gecə köhnə ilin başa çatması və yeni ilin başlanğıcıdır. Hətta bu gün əksər xristian cəmiyyətləri üçün Milad dini mənasını tərk edən və hədiyyələr alıb, verməyə əsaslanan xüsusi bir gün bayramına çevrilib. Bu gün sizə Milad və Yeni il şənliklərinin ən məşhur simvollarından biri olan "Şaxta baba" fiquru haqqında məlumat verəcəyik.

Santa Klaus dekabrın 24-nə keçən gecə gizlicə evlərə girən və il boyu “dəcəllik etməyən” uşaqlara hədiyyələr qoyan əfsanəvi bir xarakterdir. Hollandiya, İspaniya, İrlandiya,Almaniya və Rusiyada fərqli adlarla tanınsa da, ən çox istifadə edilən adı Santa Klausdur. Bu xarakterin Skandinaviya mifologiyasındakı tanrı Odindən ilham aldığı düşünülür. Avropalı bu xarakterin yeni qitə ilə tanış olması isə hollandiyalı mühacirlərin sayəsindədir. Hollandiyalı mühacirlər Nyu-Yorka yerləşməyə gedərkən mədəniyyətlərinin bir hissəsi olan bu əfsanəvi obrazı da özləri ilə aparır və Amerika qitəsi Şaxta baba ilə tanış olur. Amerika və kanadalılar Şimal qütbündə yaşadığı güman edilən Şaxta babaya dərhal qayğı göstərirlər. Ancaq dünyaya bu qədər təsir edən Şaxta babanın qarın demək olar ki, heç görünmədiyi isti Anadolu qəsəbəsində yaşayan Demreli Əziz Nikolay olduğunu çoxları bilmir.

Daha sonra Myra (Miyra) adlandırılan Demre Anadolunun cənubunda, Aralıq dənizi sahilində yerləşən Likya Liqasının altı ən əhəmiyyətli şəhərindən biridir. Demreli Əziz Nikolas həm də Likya Liqasının paytaxtı Patara yaxınlığındakı bir monastırın rəhbəridir. Daha sonra Demrə yepiskopu təyin edilir. Valideynləri vəfat etdikdən sonra böyük mirasını kasıblara, xəstələrə və imkansızlara xərcləyir. O, bu yardımları gizli şəkildə verir ki, insanlar onun qarşılıqsız yardımlarına görə borclu olmasınlar.

Əziz Nikolas dənizlərin qoruyucusu, uşaqların və möcüzələrin əzizi kimi tanınır. Onun barəsində müxtəlif möcüzələrdən danışılır... Aralıq dənizində üzən bütün qayıqlarda bir müddət  Əziz Nikolasın ikonası asılıb.  Əziz Nikolas ömrü boyu ehtiyacı olanlara kömək əlini uzadır. Öldükdən sonra “Əziz” rütbəsinə çatır. Öləndə Demrədəki Əziz Nikolas kilsəsində dəfn edilib. Divarlarında xristian rəsmləri və Əziz Nikolasın möcüzələri olan kilsə orta əsrlərdə ziyarət mərkəzi kimi istifadə olunub. Dəniz yolu ilə Qüdsə gedən möminlər Myrada dayanır və  Əziz Nikolas kilsəsini ziyarət edərək zəvvar olurlar.

1955-ci ilin dekabrında bir qrup turizm mütəxəssisi Türkiyəni tanıtmaq üçün Şaxta baba markalarını yapışdırdıqları Antalya şəkillərini dünyanın əhəmiyyətli qurumlarına və dövlət adamlarına ünvanlayırlar. O günə qədər az adamın xəbərdar olduğu  Əziz Nikolas və ya Santa Klaus kilsəsi bütün dünyada tanınmağa başladı.

Bu gün Demrədə hər il onun vəfat etdiyi dekabrın 6-da  Əziz Nikolasın xatirəsinə “Şaxta baba ilə dünyaya sülh çağırışı” tədbirləri keçirilir. Min illərdir fərqli dinlərə və mədəniyyətlərə ev sahibliyi edən Anadolu sülh və qardaşlıq dualarının edildiyi bu tədbirlə bir daha eyni vəzifəni öz öhdəsinə götürür.

İlk dəfə amerikalı bir karikaturaçı bir şeirdən ilhamlanaraq Şaxta Babanın fiqurunu çəkir. Daha sonra bir içki firması üçün yenidən rənglənir. İndi qırmızı paltarında ağ saçlı və ağ saqqallı, böyük bir kisə hədiyyə, xizək və maral gəzdirən yeni bir Şaxta baba var. Uşaqlara hədiyyələr paylayan bu şən qocanı hamı qucaqlayır. Ancaq Demredəki köhnə kilsənin divarlarında Əziz Nikolas zəif və kiçik bir insan kimi təsvir edilmişdir... O, özünü populyar mədəniyyətin qurbanı olmaqdan xilas edə bilmir. O, indi dini kimliyindən çıxarılmış bir fiqurdur.

Kiçik bir hədiyyə ilə xatırlanmaq gözəl ola bilər, amma araşdırmalara görə, alınan hədiyyəyə cavab vermək insan üçün çətin olur. Bunun qarşılığını vermək üçün istər-istəməz bir döngənin içinə düşülür.   Eskimoslar bu vəziyyət barədə bir atalar sözünə belə deyirlər: “Hədiyyələr kölə yaradır, eynilə qamçıların itləri yaratması kimi”. Halbuki önəmli olan almadan vermək və ya qarşılıq gözləmədən veriləndir. Bu davranış türk mədəniyyətinə yad deyil. Türk dünyasında  Əziz Nikolas kimi çətinliyə düşənlərin köməyinə qaçan, heç bir qarşılıq gözləmədən dua və istəklərini yerinə yetirən bir övliya var. O da Əziz Nikolas kimi, quruda və dənizdə çətinliklə üzləşənlərin dadına çatır, ölkədən-ölkəyə işıq sürətində səyahət edir. Adı Xızırdır. Heç gözləmədiyimiz anda köməyimizə gələn insan üçün “Xızır kimi yetişdi” deyirik, ya da ehtiyatlarımızdan biri maraqlı şəkildə azalmır, hətta artırsa, bu gözlənilməz bolluğun qarşısında “Sanki Xızır gəlib” cümləsini işlədirik. Bundan əlavə, Xızırın da yeni ilə aidiyyatı var, amma bu yeni ilin qar-qışla heç bir əlaqəsi yoxdur; baharın müjdəçisi olan Novruz və Xıdırellez bayramları türklərin qədim adət-ənənələrində yeni il tarixləridir.

Kömək edərkən nə Xızırı, nə də Əziz Nikolası heç kim görmür, eşitmir. Yardımlar məxfi olmalıdır, çünki... Buna nail ola bilən insanlara əbəs yerə “əziz” və ya “övliya” deyilmir. Bu torpaqlar həm əzizlərə, həm də övliyalara tanışdır.

Tarixi qaynaqlarda ən qədim Yeni il şənliklərinə Babildə rast gəlinir. Ola bilsin ki, əvvəllər də olub, hələlik bunu bilmirik. Babildən sonra hər bir mədəniyyət yeni bir başlanğıc üçün vacib bir gün və ya dövr seçir. İlin həmin vaxtı gələndə hədiyyələr təqdim edir, xoş niyyətli arzu və gözləntilərini bildirir. Bu gün nəzirlərin yerini hədiyyələr tutur və yeni ilin nə gətirəcəyi ilə bağlı gözləntimiz davam edir.

   Bu gün heç bir qarşılıq gözləmədən uşaqlara, kasıblara və xəstələrə kömək əlini uzadan Aralıq dənizi insanı və bütün dünyanın Santa Klaus (Şaxta baba) kimi tanıdığı Demreli  Əziz Nikolasdan danışdıq.



Әlaqәli Xәbәrlәr