Türk dövlətləri yeni güc yüksəlişinin astanasında

Bakıda Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun “Türk dövlətləri yeni güc yüksəlişinin astanasında” məqaləsini təqdim edirik

1728272
Türk dövlətləri yeni güc yüksəlişinin astanasında

 

   Qlobal sistemin dərinləşən geosiyasi mübarizələri nəticəsində  get-gedə fərqli xarakter alan dəyişmələr, çoxqütblü dünya nizamının formalaşması prosesinin sancıları Türk dünyasını da yeni risk və imkan dəyərləndirmələrinə yönəldərək güc birliyi və əməkdaşlıq imkanlarını yeni şəraitin tələblərinə uyğunlaşdırmağa   sövq edir.

  Bəşəriyyət yoluxucu xəstəliklər, iqlim böhranı, təbii fəlakətlərlə mücadilə apararkən getdikcə azalan təbii resurslar məhsuldar coğrafiyalar, ticarət və nəqliyyat yolları, dəhlizlər uğrunda mübarizəni şiddətləndirməkdə,  geosiyasi oyunçular arasında hibrit  xarakterli assimetrik mübarizələri  artırmaqdadır. Yeni dünya nizamı həm də çoxşaxəli oyun quruculuğu, mürəkkəb vəziyyətlərin  idarə olunması, qarşı duran qütbləri təmsil edən ölkələrlə eyni vaxtda milli maraqlar çərçivəsində əməkdaşlıq qurmaq, istəkləri uzlaşdırmaq, münasibətlərin bütövlüyünün iflic olmaması üçün rəqabət və mübarizələri də  lokallaşdırma qabiliyyəti tələb edir. Bu vəziyyət Türk dünyasının siyasi, intelektual, hərbi-iqtisadi  imkanlarının ortaq mexanizmlər vasitəsiylə birləşdirilməsi,  bir ümumi bir baxışla üstünlük və avantajların strateji rəqabət və əməkdaşlıqlara yönəldilməsinə aparır.

  Tarix boyu türklərin qüdrətli dövlətlər qurduğu Avrasiya bölgəsi bu gün qlobal  güc mərkəzləri arasındakı mübarizə yönü və taleləri bəlli edəcək kritik bir coğrafiya kimi yenidən ön plandadır. Çin-Rusiya-Qərb üçbucağı və iddialı maraqlar mübarizəsi şəraitində uzunmüddətli hədəf və planlamalarda türk dövlətləri və xalqları arasında inteqrasiyanın istiqamətlərini müəyyənləşdirmək üçün xarici dairələr deyil, qardaş ölkələrin öz paytaxtlarında toplaşaraq hərəkət etmək zərurəti yaranıb.

   Geniş coğrafiyalara yönəlik həyata keçirilən milli siyasət, yerli sənaye və texnologiya həmləsi və daha ədalətli bir dünya nizamı axtarışıyla dost və müttəfiq ölkələrlə birlikdə güclənməyə davam edən Türkiyə həqiqəti və Qarabağ zəfərinin bütün türk dünyasındakı müsbət əks-sədası Türk Dövlətləri Şurası (keneş) ilə bağlı gözləntiləri də artırır. Şuraya sədrliyin həm də türk dünyasının avanqard gücü və siyasi-hərbi birliyinin nüvəsini təşkil edən “tək millət, iki dövlət” konsepsiyasıyla yürüyən bir qardaş ölkədən digərinə (Azərbaycandan Türkiyəyə) keçməsi təşkilatın statusunun və fəaliyyət dairəsinin daha da genişlənəcəyindən, İstanbulda keçiriləcək liderlər zirvə görüşündə isə yeni həqiqi və müşahidəçi üzvlərin qəbuluyla təsir dairəsinin daha da artacağı görünür.

   Kosmos, süni intelekt, yüksək texnologiyalar kimi həlledici pozisiyası getdikcə artan sahələrdə birlikdə layihələr həyata keçirmək qədər qlobal iqlim böhranının zərurətə çevirdiyi yaşıl iqtisadiyyat,  tranzit bölgələr, energetika, ərzaq təhlükəsizliyi, müdafiyə sənayesi sahələrində də mütəxəsislərin yetişdirilməsi kimi qalıcı fəaliyyətlər həyata keçirməyin əhəmiyyəti artmaqdadır.  Hərbi-siyasi qüvvənin formalaşdırılması qədər bütün bu istiqamətlərdə Avrasiyanın iqtisadi güc mərkəzini yaratamaq,  türk dövlətlərində ümumdaxili məhsulun həcmini artırmaq da mühümdür.

   İpək Yolunun açar coğrafiyalarından olan Cənubi Qafqazda Qarabağ Zəfərindən sonra Zəngəzur dəhlizi başda olmaqla, bütün nəqliyyat xətləri və yolların açılması istiqamətində iradə nümayiş etdirilməsi türk dünyasındakı inteqrasiya və ticarət əlaqələrinin inkişafına təkan verəcək.

   Müştərək şirkətlər yoluyla sərmayələr qoyulması, sənaye və yüksək texnologiya müəsəsələrində istehsal edilən məhsulların müxtəlif hissələrinin bir-birlərindən alınması həm bütün türk dünyasının iş gücündən maksimum istifadəyə, həm də qarşılıqlı iqtisadi bağlılıqların artırılmasına səbəb olacaq.

   Türkmənistanın da birliyə həqiqi üzvlüyü, heç şübhəsiz, ölkə qazının Transxəzər layihəsi çərçivəsində Avropa bazarlarına çıxarılması prosesini sürətləndirəcək, o cümlədən Oğuz boyunu təmsil edən üç qardaş ölkə - Türkiyə, Azərbaycan və Türkmənistan arasındakı yaxınlaşmanı dərinləşdirəcək.

   Nursultan Nazarbayevin Qazaxıstanda Rusiya təsirini azaltmaq, təcrid metoduyla milli qalaları sağlamlaşdırmaq,  qazax dilinin statusunu möhkəmləndirmək və Türkiyə ilə inteqrasiyanı dərinləşdirmək siyasəti digər Orta Asiya dövlətləri  üçün müsbət nümunədir.

   Ortaq etnik köklərdən uzaq olan və geosiyasətlə bağlı  fikir ayrılığı yaşayan Avropa iqtisadi-siyasi maraqları ön plana çıxararaq ittifaq formalaşdırmışkən, müştərək tarixə malik eyni millətin qurduğu dövlətlərin birlik fikri və hərəkəti daha təbii deyilmi?



Әlaqәli Xәbәrlәr