“İctimai yerlər bütün amerikalılara məxsusdur"

ABŞ daxili işlər naziri Deb Haaland jurnalistlərə açıqlamasında bildirib ...

2034356
“İctimai yerlər bütün amerikalılara məxsusdur"

 

  ABŞ-da Co Bayden hökuməti sabiq prezident Donald Tramp dövründə Alyaskada qorunan ərazilərdə qaz və neft qazma icazələrini ləğv edəcəklərini açıqladı.

  ABŞ daxili işlər naziri Deb Haaland jurnalistlərə açıqlamasında bildirib: "Daxili İşlər Departamenti Arktika Milli Qoruğunda neft və qaz lisenziyalarını ləğv etməklə Alyaskadakı Milli Neft Ehtiyatına yeni mühafizələr gətirir. Bu addımla heç kimin dünyanın ən həssas bölgələrində qazma işləri aparmaq hüququ olmayacaq. İctimai yerlər bütün amerikalılara məxsusdur".

  ABŞ prezidenti Co Bayden də yazılı açıqlama verərək deyib: "Bu addım qədim zamanlardan bəri bölgədə yaşayan Alyaska yerlilərinin tarixinə və mədəniyyətinə hörmətlə yanaşaraq Arktika bölgələrini və vəhşi təbiəti qoruyacaq".

  Amma Bayden hökuməti bölgədə 8 milyard dollarlıq qazma işləri üçün yaxınlarda təsdiqlədiyi layihəni ləğv etməyib.

  Qeyd edək ki, Alyaskadakı vəhşi təbiət qoruğunda qütb ayıları, şimal maralları və köçəri quşlar yaşayır və bölgədə neft ehtiyatlarının 11 milyard barel olduğu təxmin edilir.

  Donald Trampın dövründə şirkətlərə regionda müəyyən ərazilərdə neft və qaz kəşfiyyatına icazə verilmişdi ki, bu da ekoloqların əks reaksiyasına səbəb olmuşdu.



Әlaqәli Xәbәrlәr