Bakıda Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçirilir

Forum çərçivəsində Azərbaycan-Türkiyə I Enerji Forumunda 6 sənəd imzalanıb.

1751180
Bakıda  Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçirilir

"İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilməsi planlaşdırılan “Yaşıl enerji konsepsiyası” çərçivəsində bundan sonra da həm dövlət, həm də özəl sektorumuzla Azərbaycanın yanında olacağıq".

Bu barədə energetika və təbii sərvətlər naziri Fatih Dönməz Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda açılış nitqində deyib.

Fatih Dönməz öz çıxışında xalqlarımızın eyni soykökünə və qarşılıqlı bağlara malik olmasından qaynaqlanan Azərbaycan-Türkiyə əbədi qardaşlıq münasibətlərinin daha da inkişaf etdiyini bildirib.

Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə diqqət çəkən nazir deyib: "İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilməsi planlaşdırılan “Yaşıl enerji konsepsiyası” çərçivəsində bundan sonra da həm dövlət, həm də özəl sektorumuzla Azərbaycanın yanında olacağıq. Bu yolla həm regionda davamlı sülhün bərqərar olması, həm də işğaldan azad edilmiş rayonların yenidən qurulması üçün Azərbaycanla koordinasiyalı fəaliyyət göstərməyə davam edəcəyik. İnanıram ki, karbohidrogen sənayesi sahəsində birgə həyata keçirdiyimiz çoxsaylı uğurlu əməkdaşlıq təcrübələrinin bərpa olunan enerji sahəsinə transferi əlaqələrimizə yeni təkan verəcək".

Onun sözlərinə görə, indiyədək bir araya gətirilən uğurlu əməkdaşlıqlar yeni imkanları şaxələndirmək və qiymətləndirmək üçün böyük həvəs verir: "Məlum olduğu kimi, biz Bakı-Tbilisi-Ərzurum (BTE), Bakı-Tbilisi-Ceyhan (BTC) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) kimi iri infrastruktur layihələri ilə nümunəvi əməkdaşlıq ruhu ilə çıxış edərək regionumuzun və Avropanın enerji təchizatı təhlükəsizliyinə mühüm töhfələr vermişik. Ötən ildə dəyərli həmkarım Pərviz Şahbazovla İğdır-Naxçıvan təbii qaz xətti üçün anlaşma memorandumu imzaladıq. Bu məqamda SOCAR və BOTAŞ-a işlərini ən qısa zamanda başa çatdırmağı arzu edirik. Texniki detallar həll olunandan sonra biz bu kəməri mümkün qədər qısa müddətdə inşasını planlaşdırırıq. Ötən aylarda biz Bakı-Tbilisi-Ərzurum xəttindən gələcək təbii qazla bağlı müqavilə imzaladıq. Bir daha qeyd etmək istəyirəm ki, biz bu sazişdən çox məmnunuq".

Forum çərçivəsində Azərbaycan-Türkiyə I Enerji Forumunda 6 sənəd imzalanıb.

İmzalanan ilk sənəd Azərbaycan-Türkiyə I Enerji Forumunun Protokolu olub. Protokolu nazir Fatih Dönməzlə Azərbaycanın energetika naziri Pərviz Şahbazov imzalayıblar.

Nazirlər Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memoranduma da imza atıblar.

Üçüncü sənəd Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş olub. Sazişi Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.

Dördüncü sənəd Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi və MTA Beynəlxalq Mədənçilik Şirkəti arasında əməkdaşlığın həyata keçirilməsi sahəsində Anlaşma Memorandumdur.

Sənədi Azərbaycan tərəfindən Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov və “AzerGold” QSC-nin rəhbəri Zakir İbrahimov, Türkiyə tərəfindən isə Mədən Tədqiqi və Axtarış Baş İdarəsinin baş direktoru Yasin Erdoğan imzalayıblar.

Beşinci sənəd Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti ilə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi arasında yer elmləri sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu olub. Bu memorandumu Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev və Mədən Tədqiqi və Axtarış Baş İdarəsinin Baş direktoru Yasin Erdoğan imzalayıblar.

Sonuncu sənəd isə “Azerenerji" ASC və “Türkiye Elektrik İletim Anonim Şirketi” (TEİAŞ) arasında əməkdaşlıq Protokolu olub. Bu sənədi “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev və TEİAŞ-ın Baş direktoru Orhan Kaldırım imzalayıblar.

 



Әlaqәli Xәbәrlәr