Marsda iqlimin kəskin şəkildə dəyişdiyinə dair sübutlar tapıldı

“Space.com” xəbər verir ki...

2009409
Marsda iqlimin kəskin şəkildə dəyişdiyinə dair sübutlar tapıldı

 

  Marsın qum təpələrini kəşf edən Çinin Mars yer zondu “Curonq” iqlimin 400.000 il əvvəl kəskin şəkildə dəyişdiyinə dair sübutlar tapıb.

  “Space.com” xəbər verir ki, Çin Elmlər Akademiyası Milli Astronomiya Rəsədxanasından Li Çunlayın başçılıq etdiyi alimlər qrupu Mars və Günəş sisteminin ən böyük təsir hövzəsindəki “Utopia Planitia” adlı qum təpələrini tədqiq ediblər.

  “Curong”un yüksək ayırdetmə kameraları və Mars orbitində olan “Tianwen-1” kəşfiyyat peyki vasitəsilə alimlər 2021-ci ilin mayında “Curong”un endiyi ərazidə iqlim dəyişikliyinə dair sübutlar tapıblar.

  Araşdırmada “Qırmızı planet”in aşağı orta enliklərindəki qum təpələrində də tez-tez görülən “eninə külək silsiləsi” (TAR) adlanan uzun tünd silsilələrin yüz minlərlə illik eroziya nəticəsində əmələ gəldiyi qeyd edilib. Onların bucaqları qlobal atmosfer sirkulyasiyası modelləri ilə müəyyən edilən Mars küləklərinin əmələ gətirdiyi qum təpələrindən fərqlidir.

  “Curong”un TAR-ların əmələ gəldiyi aypara formalı təpələrdə qaranlıq materialların altında parlaq qumları kəşf etdiyi, “Tianwen-1”in isə Mars boyunca 2262 parlaq qum təpəsini müşahidə etdiyi bildirilib.

  Araşdırmada parlaq qum təpələrinin 2.1 milyon ilə 400.000, qaranlıq TAR-ların isə son 400.000 ildə, yəni Marsın son buz dövrünün başa çatdığı dövrdə meydana gəldiyi təxmin edilir.

  Alimlər TAR-ların qum təpələrinə nisbətən fərqli bucaqlarına baxaraq müəyyən ediblər ki, sonuncu buz dövründən sonra Marsda küləklər aşağı orta enliklərdə istiqamət dəyişib.

  Marsda buz dövrlərinin Yer kürəsində buz zamanlarını tətikləyən “Milankovic dönmələri” ilə meydana gəldiyi bildirilib. Qeyd edilib ki, buz dövrləri Günəş, Yupiter və digər planetlərin qravitasiya təsiri nəticəsində Marsın fırlanma oxunun orbit müstəvisinə nisbətən dövri dəyişiklikləri, həmçinin planetin orbital forması və yırğalanması ilə başlayır və bitir.

  Hazırda 25 dərəcə olan Marsın fırlanma oxunun meylinin 2,1 milyon ilə 400 min il əvvəl 15-35 dərəcə arasında dəyişdiyi və bunun Marsın iqliminə əhəmiyyətli dərəcədə təsir etdiyi bildirilib.

  Marsdakı buz dövrlərinin Yerdəkindən fərqli olduğu, qütblərdə daha yüksək temperatur, su buxarı və tozun orta enliklərə doğru hərəkəti ilə baş verdiyi izah edilib.

  Son buz dövründə Marsın müxtəlif yerlərində hələ də səthin altında bir neçə metr su və toz qatının qaldığı söylənilib.

  Araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.

 



Әlaqәli Xәbәrlәr