Bakıda "TEKNOFEST Azərbaycan" festivalı çərçivəsində aviaşou keçirilib

Türkiyənin Hərbi Hava Qüvvələrinin “ATAK”, “AKINCI-SLTRK”, “HÜRKUŞ” təyyarələri, eləcə də “Solo Türk” və “Türk Ulduzları”nın nümunəvi uçuşları tamaşaçıları valeh edib.

1833000
Bakıda "TEKNOFEST Azərbaycan" festivalı çərçivəsində aviaşou keçirilib

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində qardaş Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə keçirilən aviaşou mötəbər tədbirin ən yaddaqalan hadisələrindən biri olub.

Vətən müharibəsinin iştirakçısı, polkovnik Abdulla Qurbaninin təqdimatında möhtəşəm hava şousu ilk dəfə eyni təyyarədə uçuş edən qardaş Azərbaycan və Türk pilotlarından ibarət aerobatika heyətlərinin keçidi ilə başlayıb. Vətən Müharibəsi Qəhrəmanı polkovnik Rəşad Nadirovun başçılıq etdiyi Mİ-17 helikopterlər üçlüyü ilk olaraq Türkiyə və Azərbaycan respublikalarının dövlət bayraqlarını və “TEKNOFEST” festivalının bayrağını Bakı səmasında dalğalandırıb.

Sonra Mİ-24 helikopterləri üçlüyü, MFİ-17 (“Super Muşşaq”) təlim təyyarələrindən ibarət üçlük, aviabazalarda təyyarəçilərin uçuş qabiliyyətinin daim yüksəldilməsinə xidmət edən reaktiv mühərrikli L-39 təlim təyyarələri üçlüyü, hava məkanında aviasiyanın hakimliyini qoruyub saxlayan, hücum təyyarələrini və digər quru qoşun birləşmələrinin havadan qorunması və himayəsində müstəsna rol oynayan çoxməqsədli, səsdən iti MİQ-29 qırıcı təyyarələr üçlüyü, yerüstü hədəflərə dağıdıcı zərbələr endirən hücumçu SU-25 təyyarələr qrupu öz nümunəvi uçuşları ilə tamaşaçıları salamlayıb.

MİQ-29 təyyarələr qrupundan ayrılan “Qarabağ” ordenli Azərbaycanın qəhrəmanlarından polkovnik Zaur Rüstəmov yenidən ali pilotaj fiqurlarını nümayiş etdirmək üçün aviaşou keçirilən hava məkanına qayıdıb və sıçrama, çevrilmə, qalxan, sərt həlqə, sıçramada çəllək və minimal surətli keçid edib.

Türkiyənin Hərbi Hava Qüvvələrinin “ATAK”, “AKINCI-SLTRK”, “HÜRKUŞ” təyyarələri, eləcə də “Solo Türk” və “Türk Ulduzları”nın nümunəvi uçuşları tamaşaçıları valeh edib.

“Türk Aviasiya və Kosmik Sənaye” şirkətinin istehsalı olan “HÜRKUŞ” təyyarəsində ön pilot Murad Ösbala olub. Digər pilot isə Azərbaycan Hərbi Hava Qüvvələrindən ehtiyata buraxıldıqdan sonra “HÜRKÜŞ” aerobatika komandasında xidmət edən ilk azərbaycanlı test-pilot, ehtiyatda olan polkovnik Xəlil Yusubovdur.

Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 və MİQ-29 qırıcı təyyarələri, hərbi helikopterlər və Türkiyənin “Solo Türk”, “Türk Ulduzları”, “Hürkuş” aerobatika komandaları, “ATAK” helikopterləri və “Akıncı” PUA-sı ilə nəfəs kəsən hava şousu təqdim ediblər. Azərbaycanın milli şahinləri də Türkiyənin pilotları ilə yanaşı, mürəkkəb manevrlərin öhdəsindən layiqincə, cəsarətlə, qətiyyətlə gəlib və bu dəfə də tamaşaçıları heyrət ediblər.

“Ay-ulduz”lu Türk Bayrağını əngin səmalarda əzəmətlə dalğalandıran qəhrəman Türk pilotları ilə yanaşı, bu gün İkinci Qarabağ savaşında Azərbaycanın üçrəngli bayrağını Azərbaycanın tarixi və əbədi torpaqları olan cənnət Qarabağımızda, Şuşanın səmalarında qürurla dalğalandıran milli şahinlər də məharət və peşəkarlıqları ilə tamaşaçıları heyran qoyublar.



Әlaqәli Xәbәrlәr