Azərbaycanlı alim Afrikada rektor təyin olundu

UNESCO-nun təhsil layihələri saytında onun haqqında bu sözlər qeyd olunub...

1584327
Azərbaycanlı alim Afrikada rektor təyin olundu

 

  Əsli Güney Azərbaycandan (İran Azərbaycanı) olan kimya elmləri doktoru Səid İrandust Mərkəzi Afrikanın (AAUCA) Afro-Amerikan Universitetinin (Avro-American University of Central Africa) rektoru təyin olunub. Onun universitetə namizədliyini UNESCO təsdiq edib.

  UNESCO-nun təhsil layihələri saytında onun haqqında bu sözlər qeyd olunub: “Səid İrandust kimya mühəndisliyi üzrə professor, yüksək rəhbərlik və idarəetmə qabiliyyətinə malik təcrübəli akademikdir. Asiya, Avropa və Skandinaviyadakı bir sıra ali təhsil müəssisələrində rektor, prezident və icraçı direktor vəzifələrində çalışıb”.

  Səid İrandust bir neçə müasir universitet, peyk şəhərciyi və şirkət qurub. İsveç Riyaziyyatın Təşviqi Komitəsinin sədri, İsveç Genişləndirilmiş İşə Qəbul Komitəsinin üzvü və İsveç Araşdırma və Ali Təhsil Beynəlxalq Əməkdaşlıq Fondu (STINT) İdarə Heyətinin üzvü və digər vəzifələri daşıyıb.

  Müxtəlif rəhbər vəzifələrdə çalışdığı 30 ildən çox müddətdə ali təhsilin bütün sahələrində uğurlu layihələrilə fərqlənən Səid İrandust Azərbaycan Respublikası Prezidentinin "Tərəqqi" medalı, Hindistanın “Təhsilə görkəmli töhfəsinə görə” mükafatı, Rusiya və Filippinin Fəxri Doktor adlarına layiq görülüb.

  AAUCA təhsil mərkəzinin rektoru təyin olunması münasibəti ilə təhsil naziri və baş nazirin müavini Don Klemente Enqonqa Nquema Onquene və Malaboda UNESCO-nun təhsil məsələləri üzrə əlaqələndiricisi Antennasla görüş keçirilib və müqavilə imzalanıb.

  Azərbaycanlı alimin rektor təyin olunduğu universitetdə icra edəcəyi layihənin qiyməti 6,9 milyon dollar dəyərindədir.

  Professor Səid İrandust fevral ayının 14-dən vəzifəsinə başlayıb. 



Әlaqәli Xәbәrlәr