Entoni Blinken İsrailə səfər edəcək

İsrailin KAN telekanalının yaydığı məlumata görə, Entoni Blinken aprelin 30-da İsrailə səfər edəcək.

2132551
Entoni Blinken İsrailə səfər edəcək

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Entoni Blinken İsrail ordusunun Rəfaha mümkün quru hücumunu və ''Həmas'' ilə Təl-Əviv arasında əsir mübadiləsi razılaşmasını müzakirə etmək üçün gələn həftə bir daha İsrailə səfər edəcək.
İsrailin KAN telekanalının yaydığı məlumata görə, Entoni Blinken aprelin 30-da İsrailə səfər edəcək.
Qeyd olunub ki, bu, ABŞ dövlət katibinin oktyabrın 7-dən bəri regiona 7-ci səfəri olacaq.
Qəzzanın cənubundakı Misirlə sərhəddə yerləşən Rəfah şəhərində İsrailin hücumlarından əvvəl təxminən 280 min fələstinli yaşayırdı. Oktyabrın 7-də İsrailin hücumları səbəbindən 2,3 milyon əhalisi olan Qəzza zolağında 1,9 milyon insan yurd-yuvalarından didərgin düşüb.
Köçkün fələstinlilərin əksəriyyəti İsrailin daha əvvəl “təhlükəsiz” olduğunu iddia etdiyi Rəfaha sığınıb. Şimal bölgələrini tərk edənlərlə Rəfahın əhalisi dörd dəfədən çox artaraq 1,5 milyon nəfərə çatıb.
Kifayət qədər mənzil olmadığı üçün Rəfaha sığınan fələstinlilərin çoxu müvəqqəti çadırlardan ibarət düşərgələrdə yaşayır.
İsrail ordusu tez-tez hava zərbələri ilə Rəfah şəhərini hədəf alır. 
Beynəlxalq xəbərdarlıqlara baxmayaraq, Rəfaha hücum planını təsdiqlədiyini dəfələrlə təkrarlayan İsrailin baş naziri Benyamin Netanyahu aprelin 8-də verdiyi açıqlamada hücumun tarixinin müəyyən edildiyini bildirib.
İsrailin KAN telekanalı İsrail ordusunun "çox yaxında" Rəfaha qurudan hücuma keçəcəyini qeyd edib.


Etiketlәr: #Entoni Blinken , #ABŞ

Әlaqәli Xәbәrlәr