G-7 ölkələrinin başçıları İrana çağırış etdi

G-7 başçıları adından verilən birgə bəyanatı İtaliyanın dövri sədri paylaşıb

2116226
G-7 ölkələrinin başçıları İrana çağırış etdi

 

  Amerika Birləşmiş Ştatları, Kanada, Fransa, İtaliya, Yaponiya, İngiltərə və Almaniyadan ibarət G-7 ölkələrinin başçıları üçüncü tərəfləri, xüsusilə də İranı Ukrayna müharibəsi üçün Rusiyaya maddi dəstəyi dayandırmağa çağırıblar.

  G-7 başçıları adından verilən birgə bəyanatı İtaliyanın dövri sədri paylaşıb: “Biz üçüncü tərəfləri Rusiyanın Ukraynaya qarşı qanunsuz və əsassız işğalçılıq müharibəsinə maddi dəstəyi dərhal dayandırmağa çağırışımızı təkrar edirik. Əks halda, onlar ağır xərclərlə üzləşəcəklər.

  İran Ukraynada mülki şəxslərə qarşı amansız hücumlarda istifadə edilən pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanı təmin edir. Biz İranın Rusiyaya ballistik raketlər və əlaqəli texnologiyaları ötürməsindən son dərəcə narahatıq. İranı bunu etməməyə çağırırıq. Çünki bu, regionda qeyri-sabitliyi və Rusiyanın Ukraynadakı müharibəsinə maddi dəstəyi artırır. Bu, beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulmasıdır.

  İran Rusiyaya ballistik raketlər və ya əlaqəli texnologiyaları tədarük etməyə davam edərsə, biz İrana qarşı yeni və daha təsirli tədbirlər də daxil olmaqla, tez və koordinasiyalı şəkildə cavab verməyə hazırıq".



Әlaqәli Xәbәrlәr