Rusiya prezidenti Qaqauziyaya dəstək vəd etdi

Y.Qutsul “Telegram” kanalında görüşü belə dəyərləndirib ...

2112501
Rusiya prezidenti Qaqauziyaya dəstək vəd etdi

 

  Rusiya prezidenti Vladimir Putin Moldovanın muxtar vilayəti olan Qaqauziyanın prezidenti Yevgeniya Qutsul ilə görüşüb.

  Y.Qutsul “Telegram” kanalında görüşü belə dəyərləndirib: “Biz Vladimir Putinlə Qaqauziyanın episentrində olduğu mürəkkəb regional və geosiyasi problemləri müzakirə etdik. Mən ona Moldova hökumətinin vətəndaş mövqeyimizə və milli maraqlara sədaqətimizə görə bizdən qisas almaq üçün qanunsuz cəhdləri barədə danışdım".

  Daha sonra Rusiya Prezident Aparatı mətbuat xidməti adıkeçən görüşlə bağlı açıqlama yayaraq bildirib: “Yevgeniya Qutsul Vladimir Putinə Moldova hökumətinin Qaqauziyanın səlahiyyətlərini əlindən aldığını, regional büdcəni məhdudlaşdırdığını, vətəndaşların hüquqlarını pozduğunu və ölkəni qeyri-sabitliyə sürüklədiyini söyləyib. Rusiya prezidenti Qaqauziyaya dəstək vəd edib”.

  Moldova fevralın sonunda separatçı Dnestryanı bölgədən olan deputatların qurultayında Vladimir Putinə dəstək çağırışı edildikdən sonra diqqətləri özünə çəkib. Bu çağırışdan bir neçə gün sonra Qaqauziya prezidenti Yevgeniya Qutsul Moskvaya gedib.

  Xatırladaq ki, Moldovanın əhalisi türkcə danışan muxtar bölgəsi olan Qaqauziya 1990-cı ildə müstəqilliyini elan etsə də, 1994-cü ildə Moldova ilə müqavilə imzalanaraq yenidən dövlətin sərhədlərinə daxil edilib. Müqavilə Moldovanın digər ölkələrlə birləşəcəyi təqdirdə Qaqauziyanın ayrılması imkanını özündə saxlayır. Burada nəzərdə tutulan digər ölkə Rumıniyadır, baxmayaraq ki, adı müqavilədə qeyd olunmur.



Әlaqәli Xәbәrlәr