Yens Stoltenberq Gürcüstanın NATO və Aİ-nin bir hissəsi olmasını dəstəklədiyini bildirib

NATO-nun Baş katibi Yens Stoltenberq Gürcüstanın NATO və Avropa İttifaqının (Aİ) bir hissəsi olmasını dəstəklədiyini bildirib.

2105750
Yens Stoltenberq Gürcüstanın NATO və Aİ-nin bir hissəsi olmasını dəstəklədiyini bildirib

NATO-nun Baş katibi Yens Stoltenberq Gürcüstanın NATO və Avropa İttifaqının (Aİ) bir hissəsi olmasını dəstəklədiyini bildirib.

Yens Stoltenberq NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında Gürcüstanın yeni Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Stoltenberq NATO-nun tərəfdaşı olan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib və Rusiyanın işğal etdiyi bölgələrdə ilhaq qərarının qəbuledilməz olduğunu vurğulayıb.

Gürcüstan və NATO arasında tərəfdaşlığın daha da inkişaf etdirilməsinin necə mümkün olacağını müzakirə edəcəklərini bildirən Stoltenberq “Gürcüstanın Avro-Atlantik ailəsinə tam üzvlük, daha çox demokratiya və rifah istiqamətində irəlilədiyini görmək istəyirik” deyib. 

Kobaxidze həmçinin bildirib ki, vəzifəsini təhvil aldıqdan sonra ilk xarici səfəri Brüsselə, Aİ və NATO-ya olub və bu, onun ölkəsini sözügedən “ailə”nin bir hissəsi etmək istəyini əks etdirir.

Ölkəsinin illər ərzində NATO-nun rəhbərlik etdiyi missiya və əməliyyatlarda iştirak etdiyini deyən Kobaxidze bunun müdafiə qabiliyyətinin NATO ilə uyğunlaşmasına töhfə verdiyini bildirib.

Kobaxidze ölkəsinin 20 faiz ərazisinin işğal altında olduğunu vurğulayaraq, NATO və müttəfiqlərini ölkəsini həmişəkindən daha çox dəstəkləməyə çağırıb.

Gürcüstanın baş naziri fevralın 21-də isə Aİ Şurasının sədri Çarlz Mişel, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel və Avropa Komissiyasının qonşuluq və genişlənmə üzrə məsul üzvü Oliver Varhelyi ilə görüşüb.

Qeyd edək ki, Gürcüstan Aİ-yə namizəd ölkə statusunu dekabrda alıb.



Әlaqәli Xәbәrlәr