Pakistan İrandakı terror hədəflərinə hava hücumu təşkil edib

Pakistan İranın Sistan-Bəlucistan əyalətində “terror mərkəzləri”nə qarşı hava hücumu həyata keçirdiyini açıqlayıb.

2090200
Pakistan İrandakı terror hədəflərinə hava hücumu təşkil edib

Pakistan İranın Sistan-Bəlucistan əyalətində “terror mərkəzləri”nə qarşı hava hücumu həyata keçirdiyini açıqlayıb.
Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada Sistan-Bəlucistan əyalətində “terrorçuların gizləndiyi yerlərə qarşı bir sıra həssas hərbi hücumların” həyata keçirildiyi bildirilərək, kəşfiyyata əsaslanan əməliyyat zamanı çoxlu sayda “terrorçu”nun öldürüldüyü qeyd edilib.

Açıqlamada son bir neçə ildə İranla təmaslarda pakistanlı terrorçuların İranda nəzarət olunmayan ərazilərdə sahib olduqları təhlükəsiz sığınacaq və bunkerlərlə bağlı ciddi narahatlıqların davamlı olaraq Tehran rəhbərliyi ilə paylaşıldığına diqqət çəkilib.

Açıqlamada Pakistanın beynəlxalq hüquq çərçivəsində qanuni hüquqlarından istifadə etdiyi və heç bir bəhanə və şərtlə onun suverenliyi və ərazi bütövlüyünə meydan oxunmasına icazə verməyəcəyi bildirilib.

Açıqlamada qeyd edilib ki, Pakistanın bu hərəkəti ölkənin milli təhlükəsizliyini bütün təhdidlərə qarşı qorumaq və müdafiə etmək yolunda sarsılmaz əzminin göstəricisidir və müqəddəs məkanların təhlükəsizliyinin qorunması üçün bundan sonra da bütün lazımi addımlar atılacaqdır. 

Açıqlamada İranın qardaş ölkə olduğu və Pakistan xalqının İran xalqına böyük hörmət və məhəbbətlə yanaşdığı, rəsmi İslamabadın terror təhlükəsi də daxil olmaqla ümumi problemlər qarşısında həmişə dialoq və əməkdaşlığı vurğuladığı, birgə həll yolları tapmaq üçün cəhd göstərməyə davam edəcəyi bildirilib.

Digər tərəfdən, Pakistanın İrandakı müvəqqəti işlər vəkili Sistan-Bəlucistan əyalətinə edilən hücumla bağlı açıqlama vermək üçün Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, Pakistan Xarici İşlər Nazirliyi yanvarın 16-da İranın sərhəddəki Bəlucistan əyalətinin Pəncqur bölgəsinə hava hücumu təşkil etdiyini, hücumda 2 uşağın öldüyünü, 3 qızın isə yaralandığını açıqlayıb.

Tehrandakı səfirini geri çağırmaq qərarına gələn Pakistan hazırda İranda səfərdə olan İranın İslamabaddakı səfirinin də bir müddət geri qayıtmaya biləcəyi barədə Tehrana məlumat verib.

İran Pakistanın hava hücumu ilə bağlı verdiyi açıqlamada "sərhəd bölgəsindəki bir kəndə raket hücumu nəticəsində 3 qadın və 4 uşağın həyatını itirdiyini" açıqlayıb.

İranda terror təşkilatı sayılan “Ceyş əl-Adl” Pakistanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətində “sünni bəluc xalqının hüquqlarını müdafiə etdiyini” iddia edərək zaman-zaman silahlı aksiyalara üz tutur.



Әlaqәli Xәbәrlәr