“Hücumlar husilərin Qırmızı dənizdəki hərəkətlərinə cavabdır”

ABŞ prezidenti Co Bayden Qırmızı dənizdə hücumlarını davam etdirən husilərə qarşı əməliyyatla bağlı yazılı açıqlama verərək bildirib ...

2088012
“Hücumlar husilərin Qırmızı dənizdəki hərəkətlərinə cavabdır”

 

  ABŞ və İngiltərəyə məxsus döyüş təyyarələri Yəmənin bir neçə şəhərində bir sıra yerlərə hava zərbələri endirib.

  Yəməndəki yerli mənbələrdən alınan məlumata görə, Amerika və İngiltərəyə məxsus döyüş təyyarələri 11 yanvar gecəsi saatlarında paytaxt Səna, Hudeydə və Taiz şəhərlərində bir sıra yerlərə havadan hücumlar edib.

  ABŞ prezidenti Co Bayden Qırmızı dənizdə hücumlarını davam etdirən husilərə qarşı əməliyyatla bağlı yazılı açıqlama verərək bildirib: “Bu gün (11 yanvar 2024) mənim göstərişimlə ABŞ hərbi qüvvələri Böyük Britaniya, Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın dəstəyi ilə Yəməndə husi üsyançıların istifadə etdiyi bəzi hədəflərə hava zərbəsi endirib.

  Hücumlar husilərin Qırmızı dənizdəki hərəkətlərinə cavabdır. Sonuncusu yanvarın 9-da baş verən və husilərin birbaşa Amerika gəmilərini hədəf aldığı bir sıra hücumlara beynəlxalq koalisiya ilə cavab verdik.

  Yəməndəki bu hücumlar ABŞ və müttəfiqlərinin dünyanın ən gərgin ticarət marşrutlarından birində naviqasiya azadlığının təhlükəyə atılmasına və şəxsi heyətimizin hədəfə alınmasına dözməyəcəyimizin açıq bir mesajıdır. Zərurət yaranarsa, əlavə tədbirlər görməkdən də çəkinməyəcək”.

  Sözügedən mövzu ilə bağlı İngiltərənin baş naziri Rişi Sunak da yazılı açıqlama verib: “Beynəlxalq ictimaiyyətin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, husilər Qırmızı dənizdə İngiltərə və ABŞ hərbi gəmilərinə hücumlarını bu həftə də davam etdirdi. Bu, qəbuledilməzdir. Böyük Britaniya hər zaman naviqasiya azadlığını və ticarətin sərbəst axınını müdafiə edəcək. Buna görə də biz Hollandiya, Kanada və Bəhreynin qeyri-operativ dəstəyi ilə bu hücumlarla əlaqəli hədəflərə qarşı özümüzü müdafiəyə qalxdıq. ABŞ ilə birlikdə husilərin hərbi imkanlarını zəiflətmək və qlobal gəmiçiliyi qorumaq məqsədi ilə biz məhdud, zəruri və mütənasib tədbirlər gördük”.

  ABŞ müdafiə naziri Lloyd Ostin qeyd edib ki, hücum husilərin pilotsuz uçuş aparatları, ballistik və qanadlı raketləri, radar və müşahidə imkanlarını hədəf alıb.

  ABŞ və İngiltərə ordu qüvvələri təxminən 12 Husi hədəfini vurub. Hücumlar döyüş təyyarələri və “Tomahawk” raketləri ilə həyata keçirilib.

  Qeyd edək ki, İsrailin Qəzzaya hücumlarına cavab olaraq Yəməndə İranın dəstəklədiyi husilərin ticarət gəmilərinə qarşı hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.



Әlaqәli Xәbәrlәr