Antonio Quterreş: "Humanitar fasilə əsas problemləri həll etmir"

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İsrail ilə ''Həmas'' arasında humanitar fasiləyə dair əldə olunan razılaşmanın əsas problemləri həll etmədiyini bildirib.

2070087
Antonio Quterreş: "Humanitar fasilə əsas problemləri həll etmir"

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İsrail ilə ''Həmas'' arasında humanitar fasiləyə dair əldə olunan razılaşmanın əsas problemləri həll etmədiyini bildirib.
Bu barədə BMT-nin baş katibi Antonio Quterreş Afrika İttifaqı (AfB) Komissiyasının sədri Mussa Faki Mahamat ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Qəzzada humanitar atəşkəsin elan edilməsinin vacibliyini vurğulayan Antonio Quterreş deyib: "Humanitar fasilə doğru istiqamətdə atılmış bir addım idi. Bu, ümidin simvolu idi, lakin qarşılaşdığımız əsas problemləri həll etmir".
Antonio Quterreş məhbusların qeyd-şərtsiz və dərhal azad edilməsini və Qəzzadakı insanlara humanitar yardımın dərhal çatdırılmasını təmin edəcək humanitar atəşkəs məsələsində  israr etdiklərini vurğulayıb.
Humanitar fasilədən sonra hücumlara yenidən başlayacağını bildirən İsrail hökumətinə də mesaj ünvanlayan Antonio  Quterreş deyib: "Mesajım çox açıqdır. Humanitar atəşkəsə ehtiyacımız var".

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

İsrail oktyabrın 7-dən bu yana 310-dan çoxu əsgər olmaqla 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. Qəzza zolağında baş verən qarşıdurmalarda 70 İsrail əsgəri də həlak olub. 

Qəzzadakı hökumətin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 6150-dən çoxu uşaq və 4000-dən çoxu qadın olmaqla 15000-dən çox adam həlak olub.
Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 242 fələstinli həyatını itirib.

İsrail ordusu Qəzzada on minlərlə yaralı və mülki vətəndaşın sığındığı onlarla xəstəxananın şəhərciklərinə və  əsas binalarına zərbələr endirib. İşğal zamanı bəzi xəstəxanalara basqın edib. Hücumlarda yüzlərlə insan ölüb, yaralanıb.

Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında sərhəddə baş verən qarşıdurmalarda 85 Hizbullah üzvü ölüb. 



Әlaqәli Xәbәrlәr