Oman İsrailin Şifa xəstəxanasına etdiyi hücumu pislədi

Omanın Xarici İşlər Nazirliyi İsrailin Qəzzadakı Şifa xəstəxanasına hücumunu "qətiyyətlə" pisləyib

2065353
Oman İsrailin Şifa xəstəxanasına etdiyi hücumu pislədi

Omanın Xarici İşlər Nazirliyi İsrailin Qəzzadakı Şifa xəstəxanasına hücumunu "qətiyyətlə" pisləyib və beynəlxalq ictimaiyyəti Qəzza zolağında təhlükəsizlik, siyasi və humanitar vəziyyətin pisləşməsinə son qoymaq üçün təcili tədbirlər görməyə çağırıb.
Nazirlikdən verilən yazılı açıqlamada İsrail qüvvələrinin Qəzza şəhərindəki Şifa xəstəxanasına hücumunun “təəssüflə” izləndiyi və Omanın bu hücumun davam etməsini və İsrailin qeyri-insani hərəkətlərini və xəstələrə qarşı pis rəftarını şiddətlə qınadığı bildirilib. 
Bəyanatda həmçinin  İsrailin Qəzzadakı İordaniya Səhra xəstəxanası ətrafındakı ərazini bombalamasının beynəlxalq hüququn açıq şəkildə pozulması mənasına gəldiyi bildirilib.
Nazirliyin bəyanatında Omanın beynəlxalq ictimaiyyətə Qəzza zolağında pisləşən təhlükəsizlik, siyasi və humanitar vəziyyətə son qoymaq, mülki əhalinin və tibb müəssisələrinin mühafizəsini təmin etmək, eləcə də humanitar yardımların bölgəyə çatdırılması üçün təhlükəsiz dəhlizlərin yaradılması ilə əlaqədar çağırış etdiyi bildirilib.
Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

İsrail oktyabrın 7-dən bu yana 310-dan çoxu əsgər olmaqla 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. Qəzza zolağında baş verən qarşıdurmalarda 51 İsrail əsgəri də həlak olub.

İsrailin məlumatına görə, Qəssam Briqadalarının əlində 239 israilli girov var.

Qəzzadakı hökumətin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 4710-u uşaq və 3160-ı qadın olmaqla 11500 nəfər həlak olub.

Oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində və Qüdsdə İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 197 fələstinli həyatını itirib.

İsrail ordusu Qəzzada on minlərlə yaralı və mülki vətəndaşın sığındığı onlarla xəstəxanaya ağır zərbələr endirib, işğal zamanı bəzi xəstəxanalara basqın edib. Hücumlarda yüzlərlə insan ölüb və yaralanıb.
İsrail ordusu ilə Hizbullah arasında oktyabrın 8-dən bəri sərhəddə baş verən qarşıdurmalarda 74 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.



Әlaqәli Xәbәrlәr