Qəzzada gedən döyüşlərdə hər gün dörd saatlıq atəşkəs elan olunacaq

C.Kirbi Qəzzanın şimalındakı mülki əhalinin bölgəni tərk etməsinə icazə vermək üçün hücumlara hər 4 saatlıq fasilənin İsrail tərəfindən üç saat əvvəldən elan ediləcəyini bildirib. (YENİLƏNİB)

2062717
Qəzzada gedən döyüşlərdə hər gün dörd saatlıq atəşkəs elan olunacaq

ABŞ Prezidenti Co Bayden İsrailin blokadası altında olan Qəzzada atəşkəsə nail olmağın “mümkün olmadığını” bildirib.

Bayden İllinoys səfəri üçün Ağ Evi tərk etməzdən əvvəl İsrailin Fələstinə hücumlarında atəşkəsin mümkünlüyü ilə bağlı sualı cavablandırıb.

Qəzzada atəşkəs elan edilməsinin "mümkün olmadığını" bildirən Bayden girovların azad edilməsi ilə bağlı hələ də "nikbin" olduğunu bildirib.

Qeyd edək ki, C.Kirbi Qəzzanın şimalındakı mülki əhalinin bölgəni tərk etməsinə icazə vermək üçün hücumlara hər 4 saatlıq fasilənin İsrail tərəfindən üç saat əvvəldən elan ediləcəyini bildirib.

"Fasilələr humanitar yardımın ehtiyacı olan bölgələrə çatdırılmasına və fələstinlilərin “zərər almadan bölgəni tərk etməsinə” imkan verəcək. Bu, xüsusilə mülki şəxslərin münaqişələrdən uzaq olan daha təhlükəsiz ərazilərə çatmasına köməklik baxımından düzgün istiqamətdə atılmış addımdır”, - deyə Kirbi qeyd edib.

Kirbinin sözlərinə görə, İsrail bu gün başlaması planlaşdırılan dörd saatlıq fasilələrlə bu bölgələrdə heç bir hərbi əməliyyat keçirməyəcək.

İsrail administrasiyası isə ABŞ-ın “döyüş əməliyyatlarında humanitar fasilə”yə çağıran bəyanatından sonra bunun yalnız mülki şəxslərin (məcburi köçkünlərin) Qəzza zolağının şimalını tərk etməsi üçün açdığı dəhlizin işləməsini təmin edəcəyini açıqlayıb və hücumların davam edəcəyinielan edib.

İsrail Baş nazirliyi Mətbuat İdarəsindən verilən yazılı açıqlamada Qəzzada qarşıdurmaların davam etdiyinə diqqət çəkilərək, "Girovlarımız azad olunmayana qədər atəşkəs olmayacaq" ifadəsi işlədilib. 

Bu arada ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel "İki humanitar dəhliz yaradılacaq ki, bu da insanların Qəzzanın şimalındakı münaqişə zonalarından qaçmasına imkan yaradacaq. Son bir neçə gündə hər gün 4-5 saat açıq olan ilk belə dəhliz indidən minlərlə insanın daha təhlükəsiz yerlərv çatmasına imkan yaratdı" deyib.

Mətbuat katibinin müavini Patel Qəzza sahilləri boyunca açılacaq ikinci marşrutun minlərlə insanın "cənubda daha təhlükəsiz ərazilərə" çatmasına imkan yaradacağını müdafiə etdi.

Digər tərəfdən, "Həmas"ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin müşaviri Tahir əl-Nunu "Telegram" hesabında Ağ Evin İsrailin "düşmənçilikdə humanitar fasiləni qəbul etdiyi" ilə bağlı açıqlamalarına cavab verib.

Müzakirələrin davam etdiyini, lakin indiyə qədər İsraillə razılığa gəlinmədiyini qeyd edən Nunu, "Əgər razılaşma əldə olunarsa, xalqımıza açıq şəkildə bildiriləcək" deyib.

 



Әlaqәli Xәbәrlәr