“Bu hücumdan dəhşətə gəldim”, A.Quttereş

A.Quterreş Qəzzada Şifa xəstəxanasına edilən hücuma reaksiya verərək deyib ...

2060390
“Bu hücumdan dəhşətə gəldim”, A.Quttereş

 

  Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İsrailin Qəzzada Şifa xəstəxanasına hücumundan dəhşətə gəldiyini bildirib.

  A.Quterreş Qəzzada Şifa xəstəxanasına edilən hücuma reaksiya verərək deyib: “Qəzzada Şifa xəstəxanasının qarşısında təcili yardım karvanına hücum xəbəri məni dəhşətə gətirdi. Xəstəxananın kənarında küçəyə səpələnmiş cəsədlərin görüntüləri ürək ağrıdır.

  Təxminən bir aydır Qəzzada aralarında uşaq və qadınların da olduğu dinc əhali mühasirəyə salınaraq öldürülüb, evləri bombalanıb, yardımların qarşısının alınıb. Bunlar elə indi dayandırılmalıdır.

  Mən humanitar atəşkəs çağırışını təkrar edirəm.

  Qəzzada humanitar vəziyyət dəhşətlidir. Bütün əhali travma keçirir. Heç bir yer təhlükəsiz deyil.

  Beynəlxalq humanitar hüquqa hörmət olunmalıdır.

  Ölkələr müharibə qanunlarına əməl olunmasını təmin etmək və münaqişənin bütün regionu əhatə edəcək şəkildə yayılmasının qarşısını almaq üçün səy göstərməlidir”.

  Qeyd edək ki, İsrail ordusunun noyabrın 3-də Şifa xəstəxanasının girişində təcili yardım maşınlarını hədəfə aldığı hücumda 13 adam ölüb, 26 nəfər yaralanıb.

  Xatırladaq ki, “Həmas”ın silahlı qanadı İzzəddin əl-Qəssam hərbi birlikləri oktyabrın 7-də səhər saatlarında “İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə, xüsusilə də Əqsa məscidinə qarşı davamlı pozuntularına cavab vermək” məqsədilə genişmiqyaslı hücuma keçib. İsrail ordusu da Qəzza zolağına ağır hava zərbələri endirərək bombardmana başlayıb. Artan gərginlikdə hər iki tərəfdən minlərlə ölü və yaralı var.



Әlaqәli Xәbәrlәr