İngiltərə kralı Keniyada peşiman olduqlarını etiraf etdi

Keniya İnsan Haqları Komissiyası Kral III Çarlzı Britaniyanın müstəmləkə dövründə Keniya vətəndaşlarına qarşı qeyri-insani davranışlarına görə üzr istəməyə çağırmışdı

2059289
İngiltərə kralı Keniyada peşiman olduqlarını etiraf etdi

 

  İngiltərə kralı III Çarlz Keniyanın müstəqilliyi uğrunda mübarizə zamanı ölkəsinin törətdiyi vəhşilikləri qəbul etdiyini bildirib.

  Paytaxt Nayrobidə Keniya prezidenti Uilyam Ruto ilə təşkil edilən ortaq mətbuat konfransında çıxışında İngiltərə kralı Keniyanın müstəmləkə keçmişinə diqqət çəkərək deyib: “Keçmişdəki səhvlərimizi, xüsusən də Keniyanın müstəqillik axtarışı zamanı törədilən vəhşilikləri etiraf edirik. Müstəqillik və suverenlik uğrunda mübarizə aparan keniyalılara qarşı edilənləri iyrənc, ədalətsiz zorakılıq hərəkətləri olub. Buna heç bir müdafiəmiz yoxdur. Keçmiş səhvləri müzakirə etmək imkanı əldə etdiyimiz üçün minnətdaram”.

  Keniya prezidenti Ruto Kral III Çarlzın etirafını alqışladığını bildirib.

  Britaniya kralı III Çarlz və xanımı Kraliça Kamillanın Keniyaya 4 günlük rəsmi səfəri iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məqsədi daşıyır.

  Keniya İnsan Haqları Komissiyası Kral III Çarlzı Britaniyanın müstəmləkə dövründə Keniya vətəndaşlarına qarşı qeyri-insani davranışlarına görə üzr istəməyə çağırmışdı.

  Xatırladaq ki, 1800-cü illərin sonlarına doğru Keniyanın ingilislər tərəfindən işğalı ölkə xalqının taleyini dəyişmişdi. 1950-ci ildə İngiltərə müstəmləkə idarəsinin tətbiqlərinə qarşı çıxaraq üsyana başlayan Mau Mau hərəkatı Keniyanın müstəqilliyinə böyük töhfə verdi. Amma Britaniyanın rəsmi rəqəmlərinə görə, 1952-1956-cı illər arasında Keniyada Mau Mau müqaviməti zamanı 11 min 505 müqavimət döyüşçüsü öldürülmüş, hərəkatı dəstəkləyən və əksəriyyəti mülki vətəndaşlardan ibarət 5000-dən çox adam həbs edilmişdi.



Әlaqәli Xәbәrlәr