“Muyfa”ya görə Şanxaydan yüz minlərlə adam təxliyə edildi

Qasırğanın Şanxay və Cıcian ilə yanaşı, Şandon, Ciansu, Anhuy vilayətlərində də təsirli olacağı gözlənilir

1880414
“Muyfa”ya görə Şanxaydan yüz minlərlə adam təxliyə edildi

 

  “Muyfa” qasırğası ilə əlaqədar Çinin işgüzar mərkəzi olan Şanxayda əhalinin sıx məskunlaşdığı Cinşan rayonundan təxminən 400 min nəfər təxliyə edilib.

  Sentyabrın 14-də axşam saatlarından başlayaraq səlahiyyətli qurumların əməkdaşları məhəllələrə, binalara baş çəkərək əhalinin daha təhlükəsiz yerlərə təxliyəsini həyata keçiriblər.

  “Muyfa” sentyabrın 14-də axşam saatlarından Çinin şərq sahillərinə, o cümlədən Cıcian vilayətinə və Şanxay şəhərinə yaxınlaşmağa başlayıb. Səlahiyyətli qurumlar güclü külək və şiddətli yağışların zərərinin az olması üçün müvafiq qabaqlayıcı tədbirlər görüblər. Belə ki, Şanxayın 2 beynəlxalq hava limanından bütün uçuşlar təxirə salınıb, bərə səfərləri dayandırılıb.

  Cari ilin 12-ci qasırğası olan “Muyfa” Cıcian vilayətində daşqın və torpaq sürüşmələrinə səbəb olub. Bəzi yerlərdə yağıntının miqdarı 400 millimetrə çatıb. Hayşi rayonunda 196 yol müvəqqəti bağlanıb. Ninbo şəhərində meydana gələn torpaq sürüşməsi 3 kəndə gedən yolun bağlanmasına səbəb olub.

  Qeyd edək ki, Çinin meteorologiya xidməti “Muyfa” qasırğası ilə əlaqədar ən yüksək – qırmızı səviyyədə xəbərdarlıq elan edib. Qasırğanın Şanxay və Cıcian ilə yanaşı, Şandon, Ciansu, Anhuy vilayətlərində də təsirli olacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr