Şri-Lankada keçiriləcək prezident seçkisində namizədlər bəlli oldu

Qeyd edək ki, Şri-Lanka 1948-ci ildə müstəqillik əldə etdikdən bu yana ən dərin iqtisadi böhran yaşayır

1856743
Şri-Lankada keçiriləcək prezident seçkisində namizədlər bəlli oldu

 

  Şri-Lankada iyulun 20-də keçiriləcək prezident seçkisində mübarizə aparacaq namizədlər müəyyənləşib.

  Şri-Lanka mediası xəbər verir ki, müxalifətin lideri Sacit Premadasanın namizədliyini geri götürməsi ilə dövlət başçısı vəzifəsi uğrunda seçkiyə qatılanların sayı 3-ə düşüb. Onlar hazırki baş nazir (prezident səlahiyyətlərini müvəqqəti icra edən) Ranil Vikramasinkhi, parlament üzvləri Anura Kumara Dissanayek və Dullas Alahapperumadır. Prezidenti qanunvericiliyə uyğun olaraq parlament seçəcək. Yeni prezident əvvəlki dövlət baçısı Qotabaya Racapaksanın səlahiyyət müddətindən qalan 2 il ərzində vəzifədə qalacaq. 2024-cü ildə növbəti seçki keçiriləcək.

  Qeyd edək ki, Şri-Lanka 1948-ci ildə müstəqillik əldə etdikdən bu yana ən dərin iqtisadi böhran yaşayır. Şri-Lanka xarici valyuta, yanacaq və neft məhsulları, gübrə, qida məhsulları, həmçinin tibbi preparatların qıtlığı ilə üzləşib. Bu səbəbdən əhalinin həyat səviyyəsi kəskin pisləşib. İyulun 9-da minlərlə insan Kolombo küçələrinə çıxaraq dövlət başçısının istefasını tələb edib. Etirazçıların dövlət başçısı və Baş nazirin iqamətgahlarını ələ keçirməsindən sonra siyasi vəziyyət daha da gərginləşib. Ölüm və yaralanma hallarının qeydə alındığı etiraz aksiyaları əvvəlcə Baş nazirin istefası, ardınca prezidentin ölkədən qaçması ilə nəticələnib. Şri-Lankanı tərk edən prezident Qotabaya Racapaksa iyulun 14-də istefa verdiyini açıqlayıb. Parlament onun istefasını qəbul edib. Prezident səlahiyyətlərinin icrası yeni Baş nazir Ranil Vikramasinkhiyə həvalə olunub. O, ictimai təhlükəsizliyin, ictimai qaydanın qorunmasının və cəmiyyətin həyatı üçün zəruri olan təchizat və xidmətlərin dəstəklənməsinin mənafeyi naminə ölkədə fövqəladə vəziyyət elan edib. Ekspertlər fövqəladə vəziyyətin elan edilməsinin prezident seçkisi ərəfəsində sabitliyin təminatına yönəldiyini düşünür.



Әlaqәli Xәbәrlәr