Ukrayna və Moldova Aİ-yə üzvlüyə namizəd statusu alıb

Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin liderləri Ukrayna və Moldovaya “namizəd ölkə” statusunun verilməsi barədə qərar qəbul ediblər.

1847562
Ukrayna və Moldova Aİ-yə üzvlüyə namizəd statusu alıb

Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin liderləri Ukrayna və Moldovaya “namizəd ölkə” statusunun verilməsi barədə qərar qəbul ediblər.

Qərar Aİ liderlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən sammiti davam edərkən açıqlanıb.

Avropa Şurasının sədri Şarl Mişel sosial mediada Ukrayna və Rumıniya dillərində verdiyi açıqlamada qərarı “tarixi” adlandırıb.

“Bugünkü qərar Aİ-yə doğru çox mühüm addımdır” deyə bildirən Mişel Ukrayna və Moldova xalqlarını təbrik edib.

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen Ukrayna Prezidenti Vladimir Zelenski və Moldova Prezidenti Maya Sandu təbrik edib.

O, "Ölkələriniz Avropa ailəsinin bir hissəsidir. Liderlərin bugünkü tarixi qərarları bunun təsdiqidir" ifadəsini işlədib.

Xatırladaq ki, Ukrayna Aİ-yə namizədlik ərizəsini Rusiyanın hücumunun başlamasından 4 gün sonra, fevralın 28-də, Moldova və Gürcüstan isə martın 3-də təqdim edib.

İyunun 17-də Aİ Komissiyası Ukrayna və Moldovaya namizədlik statusunun verilməsi ilə bağlı rəyini açıqlayıb. Gürcüstan üçün Komissiya Avropa perspektivini təqdim etməsi və meyarlara cavab verməsi şərti ilə onun vəziyyətinin daha sonra yenidən qiymətləndirilməsini tövsiyə edib.

Ukrayna prezidenti Zelenski “namizəd ölkə” statusunu “qələbə” kimi qiymətləndirib.

Zelenski ölkəsinin gələcəyinin Aİ-də olduğunu bəyan edib:

“Bu, Ukrayna ilə Avropa İttifaqı arasında münasibətlərdə unikal və tarixi məqamdır”. 

Qeyd edək ki, namizəd statusu bir ölkənin uzun müddət davam edəcək Aİ-yə üzvlük prosesində ilk addımdır. Bir ölkəyə namizəd statusu verildikdən sonra şərtlər yerinə yetirildiyi təqdirdə üzvlüklə bağlı danışıqlar sonrakı mərhələlərdə başlayır. Üzvlük danışıqlarının başlaması illər çəkə bilər.



Әlaqәli Xәbәrlәr