Şimali İrlandiyanı İrlandiya Respublikası ilə birləşmiş görmək istəyən Sinn Fein qalib gəldi

... Bu nəticə ilə bölgənin 100 illik tarixində ilk dəfə İrlandiya millətçi partiyası seçkilərdə birinci yeri tutaraq baş nazir təyin etmək şansı qazanıb

1823623
Şimali İrlandiyanı İrlandiya Respublikası ilə birləşmiş görmək istəyən Sinn Fein qalib gəldi

 

 

  Şimali İrlandiya parlament seçkilərində Böyük Britaniyadan ayrılmağı və İrlandiya Respublikası ilə birləşməyi müdafiə edən Sinn Fein qalib gəldi.

  İrlandiya Respublika Ordusunun (IRA) siyasi qanadı hesab edilən Sinn Fein parlamentdə 27 yer qazanıb, müxalif Demokratik Birlik Partiyası (DUP) isə 24 mandatda qalıb.

  Həm protestantlardan, həm də katoliklərdən ibarət İttifaq Partiyası 17 mandat, digər birlik tərəfdarı partiyası olan Olster Unionist Partiyası (UUP) 9, Sosial Demokrat və İşçi Partiyası (SDLP) isə 7 yer qazanıb.

  Bu nəticə ilə bölgənin 100 illik tarixində ilk dəfə İrlandiya millətçi partiyası seçkilərdə birinci yeri tutaraq baş nazir təyin etmək şansı qazanıb.

  Şimali İrlandiyaya məxsus güc bölgüsü sazişinə əsasən, birinci və ikinci tərəflər bölgəni birgə idarə etməlidir.

  DUP Şimali İrlandiyadakı Sinn Fein partiyasının sədri Mişel O'Nil (Michelle O'Neill) baş nazir olarsa, müavini vəzifəsinə heç bir ad təklif etməyəcəyini bildirib. Belə olan halda bölgədə heç bir hökumət qurmaq mümkün olmayacaq.

  DUP-un sədri Cefri Donaldson (Jeffrey Donaldson) isə parlamentdə ikinci yerə düşsələr də, eyni fikirdə olan UUP ilə birlikdə ittifaq tərəfdarlarının hələ də mövqelərini qoruduğunu bildirib.

  “Brexit”in (Böyük Britaniyanın Avropa İttifaqından ayrılması) bir hissəsi olan və Böyük Britaniyanın qalan hissəsindən fərqli olaraq, bölgəni Aİ ilə Gömrük İttifaqında saxlayan Şimali İrlandiya Protokolu ilə bağlı iki tərəf arasında fikir ayrılıqlarını nəzərə alsaq, mümkün idarəetmə böhranı və daha dərin fikir ayrılıqlarının olma ehtimalı gözlənilir.



Әlaqәli Xәbәrlәr