Şri-Lanka yeni kabinetini təyin etdi, amma…

SJB partiyası prezident Rajapaksa hələ öz vəzifəsində qalacaqsa, yeni nazirlərin təyinatını “mənasız” adlandırıb

1813789
Şri-Lanka yeni kabinetini təyin etdi, amma…

 

  Şri-Lanka prezidenti Qotabaya Rajapaksa hökumətin yeni kabinetini təyin edib.

  “Hindustan Times” saytının xəbərinə görə, iqtisadi böhranla mübarizə aparan və hökumət əleyhinə nümayişlərin yayıldığı Şri-Lankada yeni kabinet 17 üzvdən ibarətdir.

  Prezidentin qardaşı və baş nazir Mahinda Rajapaksadan başqa, kabinetdə Rajapaksa ailəsindən artıq heç kim yoxdur.

  Xatırladaq ki, ölkədə hökumət əleyhinə nümayişlərdən sonra aprelin 3-də kabinetin 26 naziri istefa vermişdi. Siyasi böhrandan çıxmaq üçün prezident Q.Rajapaksa müxalifət partiyalarını koalisiya hökuməti qurmağa dəvət etsə də, bu çağırış müxalifət tərəfindən qəbul olunmayıb.

  Müxalifətin ən güclü partiyası olan Birləşmiş Xalq Cəbhəsi Partiyası (SJB) Şri-Lanka xalqının Qotabaya və bütün Rajapaksa ailəsinin getməsini istədiyini, buna görə xalqın iradəsinə qarşı çıxmayacaqları və korrupsionerlərin tərəfinə keçməyəcəklərini bildirib. SJB partiyası prezident Rajapaksa hələ öz vəzifəsində qalacaqsa, yeni nazirlərin təyinatını “mənasız” adlandırıb.

  Qeyd edək ki, Şri-Lankadakı iqtisadi böhrana etiraz edən nümayişçilər 13 saat davam edən elektrik kəsintisindən sonra martın 31-də prezident Qotabaya Rajapaksanın iqamətgahı yaxınlığında toplaşıb. Polis "Diktator Qota" şüarları səsləndirən və Rajapaksanın istefasını istəyən nümayişçilərə gözyaşardıcı qaz sıxıb.

  Nümayişçilərlə polis arasında baş verən qarşıdurmada 24 polis əməkdaşı və çox sayda mülki şəxs yaralanıb, 54 nəfər saxlanılıb.

  Hökumət əleyhinə etirazların qarşısını almaq üçün əvvəlcə paytaxt Kolomboda, sonra isə ölkənin qərbində komendant saatı tətbiq olunub.

  Hadisələri “terror aktları”, nümayişçiləri “ekstremist qüvvələr” adlandıran Şri-Lanka prezidenti aprelin 1-də ölkədə fövqəladə vəziyyət elan edib, 5-ində qaldırıb, lakin ölkə boyu nümayişlər yenə davam etməkdədir.

  21 milyon əhalisi olan Cənubi Asiyanın ada ölkəsi Şri Lanka 1948-ci ildən bəri ən ağır iqtisadi böhranla mübarizə aparır.



Әlaqәli Xәbәrlәr