Brüsseldə NATO-Rusiya Şurasının iclası keçirilir

Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında keçirilən toplantıya NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edir.

1761512
Brüsseldə NATO-Rusiya Şurasının iclası keçirilir

NATO-Rusiya Şurası 2019-cu ildən bəri ilk dəfə Rusiyanın Ukrayna sərhəddindəki silah yığınağından sonra yaranmış gərgin vəziyyət və Avropanın təhlükəsizliyi kimi məsələləri müzakirə etmək üçün toplaşıb.

Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında keçirilən toplantıya NATO-nun Baş katibi Yens Stoltenberq sədrlik edir.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko və müdafiə nazirinin müavini Aleksandr Fomin 2 ildən sonra ilk dəfə keçirilən NATO-Rusiya Şurasında Moskvanın nümayəndə heyətinə rəhbərlik edir. ABŞ Dövlət katibinin müavini Vendi Şerman da NATO-Rusiya Şurasının iclasında iştirak edir.

NATO-Rusiya Şurasında 100 minə yaxın rus əsgərinin Ukrayna sərhədinə yerləşdirilməsindən sonra yaranan gərginlik, Rusiyanın ABŞ və NATO-ya təklif etdiyi Avropada təhlükəsizlik zəmanətləri kimi məsələlər müzakirə edilir.

NATO-nun Baş katibi Y. Stoltenberq keçən həftə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısının sonunda Rusiya ilə Avropanın təhlükəsizliyinə dair bu həftə keçiriləcək danışıqlardan dərhal nəticə gözləməyin real olmadığını bildirib.

NATO bu məsələləri müzakirə etmək üçün Rusiya ilə bir sıra görüşlər keçirməyi hədəfləyir.

Diplomatik danışıqlar çərçivəsində bu gün Brüsseldə baş tutacaq görüşdən sonra ATƏT-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Daimi Şurasının Avstriyanın paytaxtı Vyanada keçiriləcək iclasında bu məsələlər müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr