3 Dekabr – Beynəlxalq Əlillər Günüdür

Ümumdünya Səhiyyə Təşkilatnın məlumatına görə, dünya üzrə fiziki qüsurlu insanların faiz göstəricisi 10%-dir

1742411
3 Dekabr – Beynəlxalq Əlillər Günüdür

 

  Ümumdünya Səhiyyə Təşkilatnın məlumatına görə, dünya üzrə fiziki qüsurlu insanların faiz göstəricisi 10%-dir. Bu göstərici Azərbaycan üzrə 4,4% təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstərici hesab edilir. Respublikamızda dörd yüz mindən artıq əlil insan var. Onların bir hissəsi II Dünya müharibəsi, bir hissəsi erməni təcavüzü nəticəsində əmək qabiliyyətlərini itirən şəxslərdir. Əlillərin sosial müdafiəsinin gücləndirilməsi haqqında dövlət proqramına uyğun olaraq, onların xaricdə müalicəsi təşkil edilir. Bu yöndə işlər davam etdirilir.
  Əlil insan dedikdə hər kəsin ağlına müəyyən orqanlarını itirmiş insanlar gəlir. Unudulmamalıdır ki, bu onların işləməyinə, həyat fəaliyyətlərinə və ya insani keyfiyyətlərinə əngəl deyil və olmamalıdır. Fiziki deyil, mənəvi cəhətdən qüsurlu olmamaq gərəkdir.

  İnsanların hamısı eyni olmur. Fiziki cəhətdən sağlam olanlarla yanaşı, əlillər və şikəstlər də vardır. Əlillik və şikəstlik müxtəlif yollarla yaranır: anadangəlmə, müharibələr, yol-nəqliyyat, istehsalat qəzaları, xəstəliklər nəticəsində qazanılmış əlillik və şikəstlik vardır. Əlillik eyib sayılmamalıdır. Çünki bu insanlar fiziki cəhətdən tam olmasalar da, onlarda da nəcib ürək, saf insani keyfiyyətlər, yüksək bilik, bacarıq və intellektual qabiliyyətlər vardır. Bu insanlar hətta maddi cəhətdən təmin olunsalar belə, isti münasibət, doğmalardan və yadlardan qayğı, mərhəmət və diqqət umurlar.

  Azərbaycanda əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir. Bu barədə bir sıra dövlət əhəmiyyətli proqramlar həyata keçirilmişdir. Əlillər mənzil, maşın, əlil arabaları ilə təmin olunur, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçirlər.

  Beynəlxalq aləm də əlillərə qayğı və diqqəti artırıb. Onların hüquqlarının qorunması sahəsində bir sıra tədbirlər həyata keçirilib. Onlardan ən mühümü BMT tərəfindən 1983-1992-ci illərdə həyata keçirilmiş Əlillər Onilliyidir. 1992-ci il oktyabrın 14-də Onilliyin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü Beynəlxalq Əlillər Günü kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.



Әlaqәli Xәbәrlәr