İndoneziya öz tarixində ilk dəfə rəsmi olaraq G20 qrupuna sədrlik etməyə başladı

Bu barədə bəyanatla çıxış edən prezident Coko Vidodo İndoneziyanın qrupa sədrliyi dövründə əsas diqqətin pandemiyadan sonra iqtisadiyyatın bərpasına, enerji mənbələrinin dəyişməsinə və rəqəmsal transformasiyaya yönəldiləcəyini bildirib

1741630
İndoneziya öz tarixində ilk dəfə rəsmi olaraq G20 qrupuna sədrlik etməyə başladı

 

  Dekabrın 1-dən İndoneziya öz tarixində ilk dəfə rəsmi olaraq G20 qrupuna sədrlik etməyə başlayıb. Bu barədə bəyanatla çıxış edən prezident Coko Vidodo İndoneziyanın qrupa sədrliyi dövründə əsas diqqətin pandemiyadan sonra iqtisadiyyatın bərpasına, enerji mənbələrinin dəyişməsinə və rəqəmsal transformasiyaya yönəldiləcəyini bildirib. Prezident həmçinin qeyd edib ki, qrupun yekun sammiti 2022-ci il oktyabrın 30-31-də Bali adasında əyani formatda keçiriləcək.

  “Biz birgə səyləri stimullaşdıraraq, “Birlikdə bərpa etsək, daha güclü olarıq” şüarını əsas tutaraq dünya iqtisadiyyatını bərpa etməyə çalışacağıq”, - deyə C.Vidodo bildirib.

  G20 sammitinin təşkili üzrə əlaqələndiricilərdən biri olan İndoneziyanın xarici işlər naziri xanım Retno Marsudi prioritet vəzifələr sırasında "Covid-19" pandemiyasından sonra dünya iqtisadiyyatının bərpasının xüsusi yer tutduğunu qeyd edib. R.Marsudi bildirib ki, İndoneziya “səhiyyə sahəsində diplomatiya”nı inkişaf etdirərək koronavirusa qarşı peyvəndin tətbiqində inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında fərqi aradan qaldırmağa çalışacaq.

  Sammitin təşkili üzrə daha bir əlaqələndirici, İndoneziyanın iqtisadi məsələlər naziri Airlanqqa Xartarto isə ölkəsinin "Covid-19"dan sonra struktur və maliyyə islahatları aparmada, həmçinin rəqəmsallaşma, insan ehtiyatlarının inkişafı və qadınların və gənclərin rolunun genişləndirilməsi kimi məsələlərdə maraqlı olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr