ABŞ Azərbaycanı və Ermənistanı vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırıb

ABŞ Administrasiyası Azərbaycanı və Ermənistanı iki ölkənin dövlət sərhədindəki gərginliyi azaltmağa çağırıb.

1639190
ABŞ Azərbaycanı və Ermənistanı vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırıb

ABŞ Administrasiyası Azərbaycanı və Ermənistanı iki ölkənin dövlət sərhədindəki gərginliyi azaltmağa çağırıb.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays özünün tvitter hesabında yazıb.

Ned Prays qeyd edib ki, ABŞ hökuməti Ermənistan-Azərbaycan sərhədinin demarkasiya olunmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyir. Rəsmi Vaşinqtonun tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşdüyünü, vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırdığını bildirib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi mayın 13-də açıqlama verərək bildirib ki,10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir. 

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.

Bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək, təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur. Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir.

12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır.

Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik. Bu kimi hallar hər iki tərəfdən hərbçilər arasında qarşılıqlı təmaslar vasitəsilə müzakirə olunaraq, həll oluna bilər və olunmalıdır.

Azərbaycan öz tərəfindən, qeyd olunan bölgədə gərginliyin aradan qaldırılmasına sadiqdir və bu istiqamətində müvafiq addımların atılmasına çağırır.



Әlaqәli Xәbәrlәr