Əfqanıstanda xalq İstanbul Konfransından sülh gözləyir

Məhəmməd Muhakkik xalqın gələn ay keçirilməsi planlaşdırılan İstanbul Konfransının sülhlə nəticələnməsini gözlədiyini söyləyib.

1608991
Əfqanıstanda xalq İstanbul Konfransından sülh gözləyir

Əfqanıstan prezidenti Əşrəf Qaninin Təhlükəsizlik və Siyasi İşlər üzrə müşaviri və Vahdət-i İslami Mardumi Əfqanıstan Partiyası lideri Məhəmməd Muhakkik xalqın gələn ay keçirilməsi planlaşdırılan İstanbul Konfransının sülhlə nəticələnməsini gözlədiyini söyləyib.

Muhakkik "Anadolu" xəbər agentliyinə verdiyi açıqlamada Türkiyənin Əfqanıstan sülh konfransına ev sahibliyi etməkdən duyduğu məmnunluğunu dilə gətirib.

Türkiyə həmişə əfqan xalqının yanında olduğunu ifadə edən Muhakkik "Türkiyə daha əvvəl Əfqanıstanda sabitliyin təmin edilməsi üçün ciddi səy göstərdi. Bu səylərdən biri də Əfqanıstan-Pakistan və Türkiyə üçtərəfli zirvəsidir" deyib.

Türkiyənin NATO daxilində Əfqanıstanda sabitliyin təmin edilməsi və ölkənin bərpası üçün də əhəmiyyətli işləri həyata keçirdiyini dilə gətirdiyini söyləyən Muhakkik Türkiyənin Əfqanıstandakı fəaliyyətinin səmimi və dostanə olduğunu deyib.

"Əfqanıstan xalqı gələn ay keçirilməsi planlaşdırılan İstanbul Konfransının sülhlə nəticələnəcəyini gözləyir" deyən Muhakkik İstanbul Konfransında çox vacib məsələlərin müzakirə ediləcəyini və həllin də asan olmayacağını vurğulayıb.

Muhakkik Əfqanıstan hökuməti və Talibanın öz daxilində fikir ayrılıqlarının olduğunu bildirərək, iki tərəfin fikir ayrılıqlarının olmasının sülh prosesini çətinləşdirdiyini vurğulayıb.

Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai də Əfqanıstanda sülhün ancaq əfqanlar arasındakı razılaşma yolu ilə əldə edilə biləcəyini söyləyib.

Türkiyənin Rusiya kimi Əfqanıstanın qədim dostu olduğunu bildirən Kərzai Moskvadakı yığıncaqda əfqan tərəflərinin qonaq və müşahidəçi qismində iştirak etdiyini, İstanbul danışıqlarının isə birbaşa əfqanlar arasında müzakirələr üçün təşkil edildiyini bildirib.



Әlaqәli Xәbәrlәr