Yens Stoltenberq Amerika Birlәşmiş Ştatlarında yaşanan hadisәlәrә münasibәt bildirib

NATO-nun Baş katibi Yens Stoltenberq Amerika Birlәşmiş Ştatları Konqresindәki hadisәlәri ‘‘şokedici’’ adlandırıb.

1558863
Yens Stoltenberq Amerika Birlәşmiş Ştatlarında yaşanan hadisәlәrә münasibәt bildirib

 

NATO-nun Baş katibi Yens Stoltenberq Amerika Birlәşmiş Ştatları Konqresindәki hadisәlәri ‘‘şokedici’’ adlandırıb.

Yens Stoltenberq  ABŞ-dakı etirazçıların Konqres binasına basqın tәşkil etmәsindәn sonra yaşanan hadisәlәrlә bağlı rәsmi internet sәhifәsindә bәyanat verib.

‘‘Vaşinqtonda yaşanan hadisәlәr şokedicidir. Demokratik mühitdә keçirilәn seçki nәticәlәrinә hörmәt göstәrilmәlidir’’,-deyә Yens Stoltenberq vurğulayıb.

Avropa İttifaqının ali nümayәndәsi Cozef Borrel dә Vaşinqtondakı hadisәlәri ‘‘Amerika Birlәşmiş Ştatları demokratiyasına görünmәmiş hücum’’ olaraq adlandırıb. Cozef  Borrel hәmçinin seçki nәticәlәrinә hörmәt göstәrilmәsi ilә әlaqәdar çağırış  edib.

“Cozef Bayden seçkilərin qalibidir. Onunla Birləşmiş Ştatların növbəti prezidenti kimi işləyəcəyim anı səbirsizliklə gözləyirəm”.

Bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen söyləyib.

O, paytaxt Vaşinqtondakı hadisələrdən sonra belə ABŞ-dakı demokratiyanın gücünə inandığını vurğulayıb:

“Əsası hakimiyyətin dinc yolla ötürülməsi olan ABŞ-ın qurumları və institutlarına inanıram”.

BMT Baş Katibi Antoni Quterriş Vaşinqtonda Tramp tərəfdarları ilə polis arasında baş verən qarşıdurmadan təəssüfləndiyini bildirib.
 
Bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik jurnalistlərə açıqlamasında bildirib. 
 
O, Baş katibə istinadla qeyd edib ki, ABŞ-ın siyasi liderləri öz tərəfdarlarını zorakılıqdan çəkinməyə, demokratik proseslərə və qanunun aliliyinə hörmət olunmasına çağırış etmələri vacibdir.

Fransa prezidenti Emmanuel Makron da "Twitter" hesabında etdiyi paylaşımında "Dünyadakı ən qədim demokratik ölkələrdən birində vəzifəni təhvil edəcək bir prezidentin tərəfdarları qanuni bir seçkinin nəticələrinə meydan oxuyursa bu qlobal düşüncəyə xələl gətirər. Bu gün Vaşinqtonda baş verənlər ABŞ-ı əks etdirmir" ifadələrdən istifadə edib.

Fransanın xarici işlər naziri  Jan-İv Le Drian ABŞ Konqresindəki hadisələr haqqında "Amerika qurumlarına qarşı zorakılıq demokratiyaya ciddi bir hücumdur" deyib. Le Drian ABŞ xalqının iradəsinə və səsinə hörmət edilməsinin lazım olduğunu bildirib.

Avstriya prezidenti Aleksander Van der Bellen sosial media hesabındakı açıqlamasında ABŞ demokratiyasının mərkəzi olan Konqres binasına edilən hücumu populist şəkildə və demokratik dəyərlərə baxmadan edilən basqını narahatlıqla izlədiyini qeyd edib..

Avstriyanın baş naziri Sebastian Kurz da "Bu, demokratiyaya qarşı qəbuledilməz bir hücumdur. Hakimiyyətin ötürülməsi dinc və nizamlı bir şəkildə təmin edilməlidir" deyə vurğulayıb.

Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq isə Vaşinqtonda Konqres binasının ABŞ demokratiyasının simvolu olduğuna diqqət çəkərək, bu simvola zorakılıq, nifrət və xaosla hörmətsizliyin qəbuledilməz olduğunu vurğulayıb.

Litva prezidenti Gitanas Nauseda da hökumət dəyişikliyinin yetkin demokratiyanın ən vacib göstəricilərindən biri olduğunu ifadə edərək, "Qanunun aliliyi küçə qanunları deyildir. Müttəfiq ölkədə demokratik dəyərlərin üstünlüyünə inancımız tamdır" deyib.

İngiltәrә Baş naziri Boris Conson isә Vaşinqtondakı proseslәr ilә әlaqәdar deyib: ‘‘Amerika Birlәşmiş Ştatlarındakı iqtidarın nizamlı şәkildә tәhvil verilmәsi hәyati әhәmiyyәt kәsb edir’’.

Almaniya xarici işlәr naziri Hayko Maas da Vaşinqtondakı olaylara münasibәt bildirәrәk deyib: ‘‘Donald Tramp vә onu dәstәklәyәnlәr Amerika xalqının qәrarına hörmәt göstәrmәlidir’’.

İtaliyanın baş naziri Cüzeppe Konte, xarici işlər naziri Luigi Di Maio da Vaşinqtonda baş verən hadisələri böyük bir narahatlıqla izlədiklərini və bunun ABŞ xalqının azadlıqlarına hücum olduğunu ifadə ediblər.

İsveçin baş naziri Stefan Löfven isə "Vaşinqtonda baş verən hadisələri çox narahatlıqla izləyirəm. İndi gördüklərimiz demokratiyaya bir hücumdur. Prezident Tramp və bir çox Konqres üzvünün baş verənlərə görə böyük məsuliyyəti var. Prezident seçkilərindən sonrakı demokratik prosesə hörmət edilməlidir. ABŞ güclü bir demokratiyaya sahibdir. Ümid edirəm dinc bir nizam bərpa ediləcək" deyib.

İsveçin xarici işlər naziri Ann Linde də mitinqdən sonra Vaşinqtonda baş verən hadisələrdən dərin narahatlığını dilə gətirib.

Danimarkanın baş naziri Mette Frederiksen də "Twitter" hesabında "Ekstremizm, zorakılıq, qütbləşmə və xaos heç vaxt doğru yol deyil. Vaşinqtonda baş verənlər dəhşətlidir. Demokratiyanın yenidən işləməsini diləyirik" deyib.

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Vaşinqtondakı hadisələrin "ABŞ-ın daxili işləri olduğunu bildirərək "ABŞ-da seçki sitemi köhnəlib, saysız pozuntulara imkan verərək müasir demokratik standardlara cavab verə bilmir"deyib.

Yunanistan Baş Naziri Kiryakos Miçotakis, də "Vaşinqtonda baş verən zorakılıq və dəhşətli hadisələr bizi son dərəcə narahat edir. Amerika demokratiyası möhkəm və güclüdür və bu böhrandan çıxacaq" deyə bildirib. 

İspaniyanın baş naziri Pedro Sançes isə "Vaşinqtonda Konqres binasından gələn xəbərləri narahatlıqla izləyirəm. Amerika demokratiyasının gücünə inanıram. Yeni prezident  Co Bayden Amerika xalqını birləşdirəcək və gərginliyi aradan qaldıracaq" ifadəsini işlədib.

Siyasətçilərlə yanaşı, cəmiyyət, iş, qeyri-hökumət təşkilatları və sənətkarlar kimi fərqli təbəqələr də Prezident Donald Trump tərəfdarlarının ABŞ Konqresinə basqınına reaksiya göstəriblər.

Qeyd edәk ki, Amerika Birlәşmiş Ştatlarının paytaxtı Vaşinqtonda prezident Donald Tramp tәrәfdarlarının Konqres binasına tәşkil etdiyi basqından sonra yaşanan olaylarda çox sayda polis vә bir etirazçı yaralanıb. Şәhәrdә yerli vaxtla saat 18.00-dan etibarәn komendant saatı elan edilib.



Әlaqәli Xәbәrlәr