İslandiyanın Baş naziri istefa verdi

Panama sənədlərində adı olan və off-shore şirkət vasitəsilə milyonlarla dollarlıq investisiya gizlətdiyi iddia olunan İslandiya Baş naziri David Gunnlaugsson istefa verdi.

465529
İslandiyanın Baş naziri istefa verdi

İslandiya Baş naziri prezident Olafur Ragnar Grimssonndan parlamenti buraxmasını və növbədənkənar seçki qərarı almasını tələb etmişdi.

Ancaq prezidentdən rədd cavabı gəlincə 2013-ci ildən etibarən baş nazir postunda olan Gunnlaugsson, təzyiqlərə dözməyərək aprelin 5-də istefasını təqdim etdi.

Paytaxt Reykyavik şəhərində 10 mindən artıq insan parlament önündə toplaşaraq etiraz aksiyası keçirmiş və Baş nazir Gunnlaugssonun istefasını istəmişdi.

Mərkəzi Panamada yerləşən hüquq firması Mossack Fonsecaya aid təxminən 11,5 milyon sənədin sızdırılmasından sonra İslandiya Baş naziri və xanımının 2007-ci ildə "Wintris" adlı bir off-shore şirkətini satın aldıqları və milyonlarla dollar investisiyanı bu şirkət vasitəsilə gizlədikləri iddia edilmişdi.

Gunnlaugssonun şirkətdəki 50% səhmini 2009-cu ildə parlamentə girdikdən 8 ay sonra 1 dollara həyat yoldaşına satdığı, ancaq şirkəti və bu satış əməliyyatını parlamentə təqdim etdiyi bəyannaməyə daxil etmədiyi öyrənilmişdi.

Baş nazir Gunnlaugsson isə həyat yoldaşının ona ötürülmüş səhmlərdən hər hansı bir maddi mənfəəti olmadığını bildirir.

Bu arada, Panama sənədlərində atasının adının keçməsi ilə əlaqədar çətin vəziyyətə düşən İngiltərə Baş Naziri David Cameron Birminghamdə​ iştirak etdiyi bir yığıncaqda öz maliyyə vəziyyəti barədə açıqlamalar verdi.

Cameron: "Baş nazir olaraq maaşım, faizini aldığım bir az əmanətim, kirayəyə verdiyim bir evim var. Bütün mülkiyyətim bunlardan ibarətdir. Heç bir yerdə payım və ya off-shore kapitalım yoxdur". dedi.

David Cameronun 2010-ci ildə ölən atası İan Cameronun yatırımlarını İngilitərə vergi sistemindən uzaq tutmaq üçün off-shore şirkəti işlətdiyi ortaya çıxmışdı.

Yaxın ətrafı vasitəsilə ölkə xaricində 2 milyard dollarlıq gizli hesabı olduğu iddia edilən Rusiya Prezidenti Vladimir Putin səssiz qalmağı üstün tutdu.

Kremlə görə, iddialar CİA-nln (Mərkəzi Kəşfiyyat İdarəsi) hiyləsidir.

Sənədlərdə adı olan Ukrayna prezidenti Pyotr Poroşenko da yanlış bir şey etmədiyini bildirdi və vergi dairəsi haqqında araşdırma aparılması barədə sərəncam verdi.

Pakistan Baş naziri Navaz Şərif də ailəsi ilə bağlı iddiaların araşdırılmasını tələb etdi.

Futbol dünyasının yaxından tanıdığı Messi və Platini də vergidən yayınma iddialarını rədd etdilər.

Çində isə Panama sənədlərinin əldə olunması məhdudlaşdırıldı.

"Panama sənədləri" olaraq mətbuata sızdırılan sənədlərdə aralarında dövlət başçılarının da olduğu 100-dən çox siyasətçi ilə yanaşı, bir çox qlobal şirkət və tanınmış insanların adın adı vardır.



Әlaqәli Xәbәrlәr