Azərbaycan DSX İranı daha məsuliyyətli olmağa çağırıb

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

1717833
Azərbaycan DSX İranı daha məsuliyyətli olmağa çağırıb

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, Azərbaycan Respublikasının dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmamışdır, hazırda da yoxdur və bundan sonra da olmayacaqdır. İİR rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq.

Qeyd edilib ki, hazırda İran İslam Respublikası ilə dövlət sərhədində əməliyyat şə­raiti sa­bitdir və Azərbaycan sər­həd mühafizə orqanlarının tam nəzarəti altın­da­dır:  “Son günlərdə İran İslam Respublikasının kütləvi informasiya vasitə­lərində dərc edilmiş müsahibəsində İİR Nizam İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanı general-mayor Əli Qüdərzi tərəfindən həqiqətə uyğun olmayan açıqlamalar verilmişdir. Dövlət sərhədində Azərbaycan Respublikasının dövlət maraq­larına qarşı yönələn istə­nilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Azərbaycan Respublikası ərazisində xaricdən gəlmiş təqfirçilərin fəaliyyət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan əra­zi­sindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddialar yalandır və həqiqəti əks etdirmir.

Azərbaycan Respublikasının dövlət sərhədlərində, sərhəd mühafizə qu­rumlarında hər hansı xarici dövlətin qüvvələri, mütəxəssisləri mövcud deyildir, Azərbaycan Respublikasının dövlət sərhədlərinin etibarlı müdafiəsi və mühafizəsi üçün ən müasir imkanlara malik olan Dövlət Sərhəd Xid­mətinin xarici qüvvələrin dəstəyinə ehtiyacı yoxdur.

Ermənistan ilə dövlət sərhədində Gorus-Qafan yolunun Azərbaycan Respublikası əra­zisindən keçən hissəsində sərhəd və gömrük nəzarətinin tətbiq olunması Azər­baycan Respublikasının suveren hüququdur.

Azərbaycan və İran sərhədçiləri arasında mütəmadi olaraq müxtəlif səviyyələrdə işçi görüşlərin keçirilməsinə və məlumat mübadiləsinin aparıl­masına baxmayaraq bu günədək Azərbaycan tərəfinə müsahibədə səslən­dirilənlər haqqında ümumiyyətlə, heç bir məlumat verilməmiş, hər hansı fakt təqdim olunmamışdır.

Qeyd edilənləri nəzərə alaraq, İİR rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq”.

 



Әlaqәli Xәbәrlәr