Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Danışıqların yekununa dair protokol imzalanıb.

1715183
Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdə müdafiə nazirləri bölgədə cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərinə dair müzakirələr aparıblar.

Qarşılıqlı etimada əsaslanan bu strateji tərəfdaşlıq platformasının bölgədə sülhün və sabitliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığı xüsusi vurğulanıb.

Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Sonda danışıqların yekununa dair protokol imzalanıb. Daha sonra birgə mətbuat konfransı keçirilib. 

Hulusi Akar öz növbəsində "Xüsusilə Gürcüstan, Azərbaycan və Türkiyədə baş verən hadisələrə geniş perspektivlə baxaraq, bölgənin sülhü, sabitliyi və gələcəyi ilə bağlı nələr edilə biləcəyini qiymətləndirdik" deyib.

Üç ölkənin coğrafiyasının əhəmiyyətinə diqqət çəkən Akar "Neft və təbii qaz kimi vacib enerji mənbələrinin istismarı və dünyanın digər bölgələrinə çatdırılması baxımından həyati əhəmiyyət kəsb edir" deyə vurğulayıb.

H. Akar Gürcüstan, Türkiyə və Azərbaycanın müdafiə sahəsində birgə əməkdaşlığın əsas və prinsiplərini müəyyən edən müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun ötən il imzalandığını xatırladaraq deyib:

"Bu anlaşma memorandumu işimizi son dərəcə asanlaşdırır. Xüsusilə müdafiə və təhlükəsizlik sahəsində əhəmiyyətli məsafələr qət etdik. Bu kontekstdə Türkiyə-Gürcüstan-Azərbaycan əlaqələrimiz gündən-günə dərinləşir və genişlənir. Bu gün keçirdiyimiz görüşlərdə daha da yüksək səviyyələrə çatacağına şahid olduq. Üç ölkə arasındakı əlaqələrin gündən -günə yaxşılaşmasından məmnunuq. Ümid edirik ki, bu bölgədəki digər ölkələr üçün nümunədir".



Әlaqәli Xәbәrlәr