Xankəndiyə növbəti humanitar yardım karvanı yola salınıb

Təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

2042403
Xankəndiyə növbəti humanitar yardım karvanı yola salınıb

2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq, içərisində ümumilikdə 40 ton un, gigiyenik vasitələr və 500 nəfər üçün yataq dəsti olan 4 yük avtomobili, həmçinin Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə yardım məqsədilə 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları olan növbəti təcili tibbi yardım maşını sentyabrın 26-da Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

Məlum olduğu kimi, Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışda 20-yə yaxın erməni sakin ölüb, 290 nəfər yaralanıb. Məlumata görə, yaralılar Qarabağ bölgəsində, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki tibb mərkəzinə və Ermənistandakı xəstəxanalara yerləşdirilib. Bildirilib ki, ölənlərdən 13-nün meyiti tanınmaz haldadır.

Azərbaycan dərhal hadisəyə reaksiya verib və yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.



Әlaqәli Xәbәrlәr