Azərbaycan-Ermənistan sərhədində toqquşmalar dayanıb

Rusiya və Ermənistan Müdafiə Nazirlikləri Azərbaycan-Ermənistan sərhədində toqquşmaların dayandığını açıqlayıb.

1734912
Azərbaycan-Ermənistan sərhədində toqquşmalar dayanıb

Rusiya və Ermənistan Müdafiə Nazirlikləri Azərbaycan-Ermənistan sərhədində toqquşmaların dayandığını açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədindəki gərgin vəziyyətlə bağlı məlumat yayıb.
Rusiya MN-dən bildirilib ki, müdafiə naziri Sergey Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıqlarından sonra Kilisəli dağları rayonunda gedən silahlı toqquşmalar dayanıb, vəziyyət normallaşıb.

Ermənistan Müdafiə Nazirliyi isə açıqlamasında bildirib ki, Rusiyanın vasitəçiliyi ilə noyabrın 16-da yerli vaxtla saat 17.30-dan etibarən Azərbaycan-Ermənistan sərhədində atəşkəs elan edilib.

Digər tərəfdən,  Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu da Azərbaycan-Ermənistan sərhədində yaranmış gərginliklə bağlı Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Ermənistanın müdafiə naziri Suren Papikyanla telefon danışığı aparıb.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, görüşdə Azərbaycan-Ermənistan sərhədindəki gərginlik müzakirə olunub.

Yayılan açıqlamada “Şoyqu hər iki tərəfi eskalasiyaya səbəb olacaq hərəkətləri dayandırmağa çağırıb” ifadəsi yer alıb.

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada vəziyyətin dinc olması üçün Bakı və İrəvanla təmasda olduqları bildirilib.

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı tərəflərə çağırış edib.

Dövlət katibi Blinken bu barədə "Twitter" hesabında paylaşım edib.

"Ermənistan və Azərbaycan arasında döyüşlər barədə xəbərlər bizi narahat edir. Hər iki tərəfi sərhədlərin demarkasiyası da daxil olmaqla bütün həll edilməmiş məsələlərin həlli üçün birbaşa və konstruktiv şəkildə işləməyə çağırırıq", ABŞ dövlət katibi bildirib.

Daha əvvəl Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.
Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.

Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi İrəvanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib.



Әlaqәli Xәbәrlәr