Anar Eyvazov: Ermənistan hərbçiləri tərk-silah edilərək saxlanılıb

Son dövrdə Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində törətdiyi təxribatlar bu gün daha da intensivləşib və genişmiqyaslı xarakter alıb.

1734751
Anar Eyvazov: Ermənistan hərbçiləri tərk-silah edilərək saxlanılıb

Son dövrdə Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində törətdiyi təxribatlar bu gün daha da intensivləşib və genişmiqyaslı xarakter alıb. Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirməklə daha əlverişli mövqelərə yiyələnmək və hərbi üstünlüyə nail olmaq məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədində Azərbaycana qarşı törətdiyi genişmiqyaslı təxribatlarla əlaqədar noyabrın 16-da təşkil olunan brifinqdə deyib.

A.Eyvazov deyib ki, Basarkeçər və Qarakilsə rayonlarında yerləşən mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika, o cümlədən artilleriya vasitələri cəmləşdirən Ermənistan hərbi bölmələri Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətində mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza hücum edib. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların həyatına heç bir təhlükə yoxdur.

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən bölmələrimiz tərəfindən dərhal təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində Ermənistana məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib. Bundan başqa, erməni hərbçilər tərk-silah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib. Qarşı tərəfin təxribatlarının dəf edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri adekvat tədbirlər görür.

“Genişmiqyaslı təxribat törətməklə qısamüddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və rəsmi Yerevanın növbəti təxribat cəhdi uğursuzluqla başa çatıb.

Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyi tərəfindən vəziyyətlə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək”, - deyə A.Eyvazov bildirib.

Digər tərəfdən, Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında qarşıdurmalarda dörd erməni əsgərinin yaralandığı iddia edilib.



Әlaqәli Xәbәrlәr