Ceyhun Bayramov MDB üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

Oktyabrın 14-də Belarusda MDB üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

1719765
Ceyhun Bayramov  MDB üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

Oktyabrın 14-də Belarusda MDB üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tədbirdə çıxış edib.

Nazir Ceyhun Bayramov çıxışında iclasın gündəliyində yer alan və MDB çərçivəsində qarşılıqlı fəaliyyətlərin geniş spektrini əhatə edən məsələləri qeyd edib, müzakirə olunacaq məsələlər sırasında “MDB-nin 30 illiyi ilə bağlı üzv dövlətləri başçılarının Bəyanat layihəsi ilə bağlı Qərar”ı xüsusilə vurğulayıb.

Nazir Azərbaycanın MDB çərçivəsində əməkdaşlığa, həmçinin bütün üzv dövlətlərlə ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib.

Ceyhun Bayramov çıxışında 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalına son qoyulduğunu, Azərbaycanın ərazi bütövlüyünün təmin edildiyini vurğulayıb, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlarından irəli gələn məsələlərdən, habelə bölgədə mövcud olan mina təhlükəsi və doğurduğu ağır nəticələrdən bəhs edib. Regionda həyata keçirilən sülhməramlı səylərə, o cümlədən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə Azərbaycan tərəfindən böyük əhəmiyyət verildiyi vurğulanıb.

Nazir, həmçinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazilərində tarixi, dini və mədəni irsinin dağıdılması, həyata keçirilən urbisid və kultursid barədə iclas iştirakçılarını məlumatlandırıb. O, hazırda münaqişənin keçmişdə qaldığını, əsas məqsədin azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsinin təmin edilməsi olduğunu vurğulayıb. Bu xüsusda, nazir toplantı iştirakçılarına azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq içləri barədə ətraflı məlumat verib.

Tədbirdə bütün çətinliklərə baxmayaraq, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərzi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğunu vurğulayıb. Azərbaycanın qeyd olunan prinsiplərə riayət etməklə Ermənistanla sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlanılmasına çağırdığı diqqətə çatdırılıb. Nazir, Azərbaycanın üçtərəfli bəyanatlardan irəli gələn öhdəliklərin, o cümlədən regionda bütün kommunikasiya əlaqələrinin açılması üzrə razılaşmaların yerinə yetirilməsinə sadiq olduğunu vurğulayıb. Kommunikasiya əlaqələrinin açılmasının regiondakı bütün dövlətlərə fayda gətirəcəyi və beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu gücləndirəcəyindən əminlik ifadə edilib.

İclasın sonunda nazirlər tərəfindən “2022-ci ildə MDB-də xalq yaradıcılığı və mədəni irs İlinin qeyd edilməsi ilə əlaqədar Tədbirlər Planının layihəsinə dair Qərar” və “Miqrasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair MDB iştirakçı dövlətlərin rəhbərlərinin bəyanat layihəsinə dair Qərar” sənədləri imzalanıb.

Xarici işlər naziri Ceyhun Bayramov Minskdə ayrıca rusiyalı həmkarı Sergey Lavrov ilə də görüşüb.

Nazirlər Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələlərini, o cümlədən gələn il iki ölkə arasında diplomatik əlaqələrin təsis olunmasının 30-cu ildönümü çərçivəsində keçiriləcək tədbirləri geniş müzakirələr ediblər.

Tərəflər, həmçinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın tam icrası və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



Әlaqәli Xәbәrlәr